REGİONLAR
Bizi milli kimliyimizə bağlayan zəngin mənəvi dəyərlərimizdir
Astara, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov müasir dövrdə gənclərimizin tarixi keçmişimizi bilməsinin, milli kimliyimizə sahib çıxmasının vacibliyini diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, milli əxlaqi, tərbiyəvi dəyərlərlə zəngin şifahi xalq ədəbiyyatımız, folklorumuz, milli musiqimiz, din amili milli mədəniyyətimizin, o da öz növbəsində, milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, bizi milli kimliyimizə bağlayan zəngin mənəvi dəyərlərimizdir. Milli kimliyimizin ayrılmaz parçası olan bayraq, gerb, himn, Vətən özlüyündə maddi varlıq olsalar da, onları bizə sevdirən daxilimizdəki mənəviyyatdır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov bildirib ki, bu gün qloballaşma bütün xalqların, o cümlədən Azərbaycan xalqının mənəvi mədəniyyətini, onun davamlılığını, milliliyini bir növ sınağa çəkir.
Tarixin bu sınağından itkisiz, eyni zamanda, qloballaşmanın gətirdiyi üstünlüklərdən yararlanaraq çıxmaq savadlı, bilikli gənclərimizin üzərinə düşən əsas vəzifələrindəndir. Bu vəzifələrdən başlıcası milli kimliyimizi keçmişdən indiyə daşımaq, indiki nəslə öyrətmək, gələcək üçün əmanət qoymaqdır.
Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirzə Bayramov rayon gənclərinin maarifləndirilməsi məqsədilə keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.