CƏMİYYƏT
“Bizi ucaldan dəyərlər” adlı video müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi “Bizi ucaldan dəyərlər” adlı video müsabiqəsinin nəticələrini elan edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən sosial şəbəkə (feysbuk, instaqram, tiktok, yutub) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə təşkil olunub. Əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsi olan müsabiqənin müddəti 2022-ci il 16 mart - 31 may tarixlərini əhatə edib. Müsabiqəyə ümumilikdə 23 videostatus təqdim olunub.
Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə 1-ci yeri Məleykə Tağızadə, 2-ci yeri Vüsalə Fətullayeva, 3-cü yeri isə Elmar Orucov tutublar.
Ceyhun Şahbazov, Ruslan Məmmədov, Fikrət Nəsibli, Maya Məhərrəmova və Toğrul Gülməmmədov isə həvəsləndirici mükafatların sahibləri olublar.