ELM VƏ TƏHSİL
“BİZİM COĞRAFİ DÜNYAMIZ”DA AKADEMİK HƏSƏN ƏLİYEVİN ELMİ FƏALİYYƏTİNDƏN DANIŞILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Səbail rayonunun 190 nömrəli orta məktəbində görkəmli alim, akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bizim coğrafi dünyamız” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Tədbiri 190 nömrəli orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq tanınmış alim, akademik Həsən Əliyevin şərəfli ömür yolundan danışmış, onun Azərbaycan elminin inkişafındakı rolundan söhbət açmışdır.
Sonra məktəb şagirdləri coğrafiya fənni sahəsində biliklərini nümayiş etdirmiş, qədim səyyahların səyahətlərinə həsr olunmuş səhnəciklər göstərmişlər.
Tədbirdə Azərbaycanın iqtisadi inkişafı, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını uğurla həyata keçirən ölkəmizin başçısı İlham Əliyevin fəaliyyətindən geniş söhbət açılmış, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin tikintisinə, istifadəyə verilməsinə aid film nümayiş etdirilmişdir.
Sonda Səbail rayon orta məktəblərinin müəllimləri arasında coğrafiya fənninə həsr olunmuş “Zəif bənd” oyunu keçirilmiş, qaliblər mükafatlandırılmışlar.