Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Bizim jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi güclüdür”

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb.

Diffamasiya qanununun qəbul edilməsinə hazır deyilik

- Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”nda 2012-ci il ərzində “Diffamasiya haqqında” qanun qəbul etmək tövsiyəsi də var. Diffamasiyaya dair qanun hazırlanırmı?

- Bu, elə-belə qanun hesab olunmur və onu bir gündə qəbul etmək mümkün deyil. Prezident Administrasiyası və Mətbuat Şurası “Diffamasiya haqqında” qanunla bağlı birgə fəaliyyət həyata keçirir. Fəaliyyətin bir hissəsi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini, jurnalistləri diffamasiyaya hazırlamalıyıq. İşin digər hissəsi xarici ölkələrdə tətbiq olunan diffamasiya nümunələrinin, diffamasiyaya dair qanun qəbul olunandan sonra yaranan vəziyyətin, ölkələrin diffamasiya qanunlarının öyrənilməsindən ibarətdir. Bütün bunlardan sonra Azərbaycanda diffamasiya qanunu hazırlanacaq. Bu istiqamətdə iş gedir və xeyli iş də görülüb. Ən azından Mətbuat Şurası müxtəlif jurnalist qurumları ilə birlikdə qanun layihəsi hazırlayıb. ATƏT-in Bakı ofisinin, Prezident Administrasiyasının, QHT-lərin, mətbuat orqanlarından baş redaktorların, jurnalistlərin iştirakı ilə həmin layihə bir dəfə müzakirə olunub. Layihə ilə bağlı müəyyən tövsiyələr də irəli sürülüb, onun yenidən işlənməsi üçün təkliflər verilib.

Amma cəmiyyətin, mətbuatın diffamasiyaya hazırlanması sahəsindəki işlər zaman tələb edir və bura müəyyən sərmayə lazımdır. Bu istiqamətdə həm Prezident Administrasiyasının, həm Mətbuat Şurasının, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə iştirakı və ya onların ayrı-ayrı təklifləri ilə yerlərdə jurnalist peşəkarlığı, jurnalist fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər davam etməkdədir.

- Diffamasiya qanununda üç maraqlı tərəf götürmək olar: Azərbaycan dövləti, cəmiyyəti və mətbuatı. Bunlardan hansı qanunun qəbul edilməsinə hazır deyil? Yaxud hamısı hazırdır, sadəcə, texniki problemlər var?

- Mənə elə gəlir ki, hazırkı vəziyyətdə heç bir tərəf qanunu qəbul etməyə hazır deyil. Düzdür, hər üçü müəyyən iradə nümayiş etdirir ki, hazırdır, yaxud buna baxa bilər. Amma bu gün bütövlükdə Azərbaycan mediası yazılanların hamısının məsuliyyətini, o cümlədən ayrı-ayrı insanların, təşkilatların şərəf və ləyaqəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Təəssüflər olsun ki, hələ də bizim jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi güclüdür. Jurnalistlərdə düşünüb yazmaq praktikası zəifdir. Yazıb, sonra məsuliyyət hissi keçirmək meyli daha güclüdür, nəinki məsuliyyəti anlayıb sonra yazmaq.

Təşkilatlar, bütövlükdə cəmiyyətimiz mediada onlar haqqında yazılan tənqidlərə dözüm nümayiş etdirməyə, yaxud bununla bağlı məhkəməyə üz tutmadan keçinməyə hazır deyil. Yəni mətbuata dözümlü olmağa hazır deyil. Son günlər cəmiyyətimizdə yaşanan proseslər də bunu göstərir ki, hüququ pozulan, şərəf və ləyaqəti tapdanan və haqqında böhtan uydurulan instansiya - istər dövlət qulluqçusu olsun, istər adi vətəndaş, yaxud ziyalı, ya da müxalifət partiyasının sədri, bəzən hətta qəzet redaktoru da - birinci yol kimi dərhal məhkəməyə müraciət etməyi seçir. Belə faktları əsas götürəndə aydınlaşır ki, cəmiyyət bu qanunun qəbul edilməsinə hazır deyil.

O ki qaldı dövlətə, dövlət bu qanunun qəbul edilməsində daha çox maraqlıdır. Çünki dövlət istəyir media bu məsuliyyəti öz üzərinə götürsün, cəmiyyət medianın yazdığına daha dözümlü olsun, nəticədə dövlət də bu sahədə tənqidə daha az məruz qalsın. O anlamda ki, bəzən diffamasiya məsələsi olmayanda məhkəmənin çıxardığı qərarlar dövlətin, hakimiyyətin adına yazılır. Media ilə bağlı istənilən neqativ hal nəticədə hakimiyyətin, dövlətin imicinə bəlli ləkə salır. Mən hesab edirəm ki, biz diffamasiya qanununun qəbul edilməsinə hazır deyilik, lakin əsas odur ki, bu istiqamətdə fəaliyyətə başlamışıq. Cənab prezident İlham Əliyev öz iradəsini ortaya qoyub ki, əgər dünya ölkələri buna gedirsə, Azərbaycan da buna gedəcək. Lakin dünyada bunun vahid standartı olmalı, vahid yanaşma forması yaranmalıdır. Bir ölkədə bu siyasət xatirinə, başqa dövlətdə isə təzyiq xatirinə olmamalıdır.

- Dünyadakı durum necədir? Dünya ilə Azərbaycan arasındakı əsas fərq nədən ibarətdir?

- Müqayisədə götürdükdə təxminən oxşar vəziyyətdir. Diffamasiyanı qəbul edən bir çox ölkədə sonradan diffamasiya əleyhinə ciddi ictimai fikirlər yaranmağa başlanıb, hətta bəziləri qanunun fəaliyyətini dayandırıb da. Yaxud da elə ölkələr var ki, diffamasiya haqqında qanunu qəbul etmir, heç qəbul etmək haqqında düşünmür də. Amma bir moratorium qoyublar ki, yazıya görə jurnalistlər həbs edilməsin. Bu ölkələr sırasında Azərbaycan da var. 2005-ci ildən indiyə kimi Azərbaycanda heç bir jurnalist yazdığı yazıya görə həbs olunmayıb. Jurnalistlərin ayrı-ayrı fəaliyyətlərə görə həbs olunması, cinayət məsuliyyətinə cəlb edilməsi halları var, amma heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib. 2005-ci ilə qədər yazısına görə həbs olunan jurnalistlər isə əfv olunublar. Bu gün Azərbaycanda beynəlxalq aləmlə oxşarlıq var.

- Belə olan halda Azərbaycan jurnalistləri bu məsələni nə vaxt qanun formasında görə biləcəklər?

- Bunu demək çətindir. Yenə də bu ondan asılıdır ki, jurnalistlər özlərini necə aparacaqlar, öz peşəkarlıqlarına, qəbul etdikləri əxlaq kodeksinə necə yanaşacaqlar və cəmiyyət jurnalistlərin tənqidlərinə, o cümlədən təhqir və böhtanlarına necə münasibət bəsləyəcək. Mən burada məsələnin ən çətin tərəfini - əxlaq kodeksinin fəaliyyətə daxil olması məsələsini önə çəkmək istəyirəm. Bu kodeks Azərbaycan jurnalistlərinin qurultayında səs çoxluğu ilə qəbul edilib, amma heç kim gündəlik fəaliyyətində onu nəzərə almaq istəmir, hətta bəzi qəzet rəhbərləri “Mətbuat Şurası kimdir ki, onun qəbul etdiyi kodekslə işləyim” deyir. Bu kodeks Mətbuat Şurasının deyil axı. O, Azərbaycan mətbuatının, jurnalistlərin kodeksidir. Ən çətini budur. Bu kodeks işləyəndən sonra düşünürəm ki, cəmiyyət jurnalistlərimizdən daha ölçülü-biçili, daha nizamlı, başqasının şərəf və ləyaqətinə, imicinə daha sayğılı münasibət görəcək. Düşünürəm ki, bundan sonra məhkəmələrə müraciət praktikası getdikcə zəifləyəcək, sonda da diffamasiya mühitinin Azərbaycanda formalaşmasına səbəb olacaq.

Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib

- Xeyli müddətdir qəzetlər, xüsusən də gündəlik çıxan və satış dövriyyəsi böyük olan mətbuat orqanları qəzet satışı ilə bağlı problemlə üzləşib. Həmin qəzetlərin rəhbərləri bu problemi həll etmək üçün danışıqlar aparırlar. Eyni zamanda Mətbuat Şurası paytaxtın mərkəzindən köşklərin yığışdırılmasına aydınlıq gətirilməsi, qəzet satışına normal şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu problemin həlli yolu varmı? Ümumiyyətlə, qəzet köşkləri niyə götürülür?

- Cənab prezident İlham Əliyevin tapşırığı əsasında mən bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də bir sıra yerli icra hakimiyyəti orqanları ilə müzakirələr aparmışam. Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib. Nə “Qasid”in köşkləri, nə “Azərmətbuatyayımı”nın, nə də “Qaya”nın. Əvvəlki illərdə Bakıda qəzet köşklərinin yerdəyişməsinə dair müəyyən hallar olmuşdu, amma son illərdə, demək olar ki, bir dənə də köşk götürülməyib. Sadəcə olaraq yeri dəyişdirilib. Misal üçün, Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində istər “Qasid”in, istərsə də digər firmaların qəzet köşklərini yeniləyir. “Paris-köşk” adlanan yeni köşklər qoyulur və ola bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal satışı nizama düşməyib. Amma nizama düşmək üzrədir və mən hər gün onların fəaliyyəti ilə bağlı monitorinq aparıram, bu fəaliyyət tənzimlənir.

Şəhər ətrafında, o cümlədən rayonlarda əvvəlki köşklər qalır. Bəzi köşklərin yeri dəyişdirilib, şəhərin abadlığı, küçələrin genişləndirilməsi, yaşıllaşdırılması ilə bağlı belə hallar olub. Düşünürəm ki, bu ilin sonuna qədər köşklərin bütün ölkə üzrə tam yenilənməsi və sayının da adekvat vəziyyətə gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə, digər problemlər varsa, bunlar öyrənilir və aradan qaldırılır.

- Yəni bu hansısa planlı şəkildə qəzet satışına mane olmaq deyil?

- Qətiyyən. Azərbaycanda söz, mətbuat, məlumat azadlığı dövlətin prioritet siyasətlərindən biridir. Azərbaycan dövləti bunlarsız nə özünü təsəvvür edir, nə də öz cəmiyyətini.

Əcnəbi teleserialların kəsilməsi bizim üçün itki olmayacaq

- Mayın 1-dən Azərbaycan televiziyalarında xarici teleserialların yayımı dayandırılacaq. Bəzi ekspertlər hesab edirlər ki, bu, televiziyaların fəaliyyətinə mənfi təsir göstərəcək. Sizcə, belədirmi?

- Bilirsiniz ki, bu qərara bir ilə yaxındır hazırlaşırıq. Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli serial çəkilişini stimullaşdırmaq və dəstəkləmək məqsədilə televiziya şirkətlərinə xüsusi qrant ayrılıb. Bu qrant da ona yönəlib ki, xarici teleserialların yayımı dayandırılanda yarana biləcək müəyyən efir boşluğu kompensasiya olunsun. Gec-tez bütün sivil ölkələr kimi Azərbaycan televiziyaları da milli mentalitetə uyğun teleserial çəkilişinə başlamalı idi. Bəziləri başlayıb, bəziləri başlamaqdadır. Düşünürəm ki, gec-tez biz buna başlamalı idik. Bütün dünya ölkələrində teleseriallar millidir.

Əlbəttə, müəyyən xarici filmlər də olur. Amma balans yaradılmalıdır. Təəssüf ki, Azərbaycan televiziyaları arasında elə bir yarış gedir, səhərdən axşama qədər xarici ölkələrin Azərbaycan mentalitetinə, mənəviyyatına zidd teleserialları göstərilir. Düzdür, bu filmlər Azərbaycan dilində göstərilir, lakin fərqi yoxdur, yenə də bizim mentalitetə uyğun gəlməyən filmlərdir. Ona görə də mən bu qərarı dəstəkləyirəm, hesab edirəm ki, may ayının 1-dən əcnəbi teleserialların kəsilməsi bizim üçün heç bir itki olmayacaq. Buna görə heç bir televiziyamız bağlanmayacaq.

Vaxtilə ümummilli lider Heydər Əliyev latın qrafikasına keçidlə bağlı sərəncam verəndə də deyirdilər ki, qəzetlər bağlanacaq, problemlər yaşanacaq. Amma göründüyü kimi, heç bir problem yaşanmadı. Sonra bəlli oldu ki, elə ən doğru qərar bu idi. Azərbaycan televiziyaları milli teleserial çəkilişini nizama salacaq və tamaşaçılar öz teleseriallarımıza baxacaq.

- Azərbaycan telekanallarının çoxu Türkiyə serialları göstərir. Bu teleserialların yayımının dayandırılması Türkiyə ilə münasibətlərdə problem yarada bilərmi?

- Mən hesab etmirəm ki, kanalların çoxu Türkiyə seriallarını göstərir. İki televiziyada - İTV-də və “Space”də səhərdən-axşama qədər Hindistan serialı gedir. Digərlərində isə Braziliya və Meksika seriallarıdır. Əlbəttə ki, bunların arasında Türkiyə serialları da var. Düşünmürəm ki, türk qardaşlarımız Azərbaycanda milli teleserial çəkilişinin stimullaşmasını özlərinə qarşı addım kimi qəbul etsinlər. Ən azından ona görə ki, Türkiyənin Azərbaycanda birbaşa yayımlanan TRT kanalı var. Orda bu seriallar dublyajsız və birbaşa gedir. Azərbaycanın kabel televiziyasında bütün Türkiyə kanalları var, bu sistem bütün Azərbaycan ərazisinə yayılır. Yəni vətəndaşlarımız üçün seçim imkanı var. Milli teleserailın yaranması, stimullaşması dövlətin siyasətidir.

- Bəs keyfiyyət necə olacaq? Artıq bir neçəsi çəkilib. Bəlkə tamaşaçıya seçim imkanı verilərdi?

- Başa düşürəm, amma yavaş-yavaş biz öz səviyyəmizi də tutmalıyıq. Azərbaycanda bu gün Harvard səviyyəsində universitet qura bilmiriksə, o demək deyil ki, bütün universitetləri bağlayıb gəncləri Harvarda göndərməliyik. Zaman-zaman Azərbaycan teleseriallarının səviyyəsi dünya teleseraillarının keyfiyyət səviyyəsinə gəlib çıxacaq. 10 il bundan əvvəl Türkiyədə Şaban filmləri vardı. Amma görün 10 il ərzində Türkiyə teleseriallarının səviyyəsi necə yüksəldi. Qardaş ölkənin bu sahədə əldə etdiyi uğur bu gün dünya səviyyəsinə çatıb, Türkiyə serialları dünya serialları ilə rəqabətə girib. Bu mənada Azərbaycan yaradıcılığının, Azərbaycanın kino sənayesinin, dramaturgiyasının yavaş-yavaş dünya səviyyəsinə çatacağına inanıram.

Televiziyalar reytinq arxasınca qaçır

- Cəmiyyətdə televiziyaların fəaliyyətindən narazılıq var. Parlamentin iclaslarında da bir neçə dəfə televiziyalar tənqid olunub. Ziyalılar, müxalifət partiyaları dəfələrlə telekanallardan narazılıq edib. Nəhayət, Nazirlər Kabinetinin 16 aprel iclasında prezident İlham Əliyev televiziyaların fəaliyyətini tənqid etdi. Bu sahədə əsas problem nədir?

- Təəssüf hissi ilə qeyd edilməlidir ki, Azərbaycan teleməkanında vəziyyət o qədər də ürəkaçan deyil. Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında cənab prezident İlham Əliyev də bu məsələyə toxundu, mətbəx verilişləri ilə bağlı mövqeyində bu narazılıq ifadə olundu. Dövlət başçısı həmin verilişlərdə sağlam qida mədəniyyətinin təbliğ olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx verilişlərində bəzən Azərbaycan mentalitetinə, mətbəx mədəniyyətinə, dəyərlərinə zidd hallar olur, sağlam qida mədəniyyəti təbliğ olunmur, əksinə, bu işə xələl gətirilir.

Amma problemlər yalnız bu deyil. Televiziyalarda çox veriliş var ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini, xüsusən də ziyalıları, yaradıcı kəsimi qane etmir. Müxtəlif dövrlərdə bunun səbəblərini araşdırmışıq. Əsas səbəb odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin köləsinə çevrilir. Milli-mənəvi dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin tələbatına, ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək yaxşı verilişlər yaratmaq, ən yaxşı nümunələri ekrana çıxarmaq əvəzinə daha çox sensasiya, bayağı şou arxasınca qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan narazı qalmasına gətirib çıxarır və bunu nümayiş etdirir. Bir daha təkrar edirəm ki, bu, reytinq məsələsidir.

Artıq dünyada ayrı-ayrı ölkələr reytinqölçmə kampaniyalarının fəaliyyətinə müdaxilə edir, onların işinin şəffaflığını təmin etməyə çalışırlar. Görünür, biz də zaman-zaman bu işin üzərinə yeriməli olacağıq. Şəffaflığı, ölçü meyarları şübhə doğuran, bəzən müəyyən qrup insanın istək, arzu və zövqü üzərində qurulan reytinqölçmə texnologiyası neçə illərdir ki, Azərbaycan televiziyalarını bayağı şou arxasınca qaçmağa yönəldir. Bu da bizim milli mentalitetimizə ziddir. Dövlət buna dözə bilməz. Problemləri aradan qaldırmaq üçün yəqin ki, həmin reytinqölçmə texnologiyalarının üzərinə gedəcəyik, onların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində addımlar atacağıq.

- Burada bir ziddiyyət var. Televiziyalardan narazı olan ekspertlərin, siyasətçilərin, müxalifət partiyalarının, QHT-lərin, ziyalıların vəziyyətə ciddi təsir etmək imkanları yoxdur. Amma onlarla eyni formada narazı olan hakimiyyət nümayəndələrinin vəziyyətə müdaxilə, təsir etmək üçün geniş imkanı və səlahiyyəti var. Çünki telekanalların sayı çox deyil və onlar hakimiyyətə bağlıdırlar, müstəqil biznes subyekti olmaqdan çox ideoloji işi həyata keçirirlər, hakimiyyətlə siyasi bağlılıqları mövcuddur. Belə olan halda narazılıq etməkdənsə vəziyyətə müdaxilə edib problemləri aradan qaldırmaq daha doğru olmazmı?

- Əksinə, sizin dediyinizdən tam fərqli olaraq televiziyalar müstəqil biznes subyektləridir. Onların hakimiyyətlə bağlılıqları şərti ölçü və şərti dəyərləndirmədir. Hər bir televiziya kommersiya strukturu olaraq ilk növbədə özünü saxlamalıdır. Əgər kommersiya strukturu özünü maliyyələşdirib saxlamırsa, onun ideoloji fəaliyyəti yalnız dövlətə və cəmiyyətə məxsus olur.

Cəmiyyət, dövlət, bütün əhali, idarəçiliyi həyata keçirən hakimiyyət televiziyaların ideoloji işinə, onun tərbiyə, mənəviyyatın qorunması, yaşadılması, təbliğ olunması funksiyalarına daha çox ehtiyac duysa da, televiziyalar bir kommersiya strukturu kimi yaranıb. Özəl televiziyalar fəaliyyətlərini əsasən reytinqli, pul, reklam gətirən verilişlərə yönəldir. Ona görə də dövlətin bunlara müdaxiləsi o qədər də asan deyil. Ola bilər ki, bu, kimlərəsə asan görünür. Amma belə deyil. Dövlət nə etməlidir? Ya televiziyaları pulla təmin etməlidir, onların yaşaması üçün lazım olan vəsaiti dövlət büdcəsindən ayırmalıdır, ya televiziyaların özlərini saxlamaq üçün şou axtarmalarına dözməlidir, ya da televiziyaları bağlamalıdır. Qoy cəmiyyət bu üç seçimi bilsin və buna cavab axtarsın.

Biz nə etməliyik? Bundan sonra da televiziyaların sayını artırıb, bunu bir qədər də bayağılaşdırmalıyıq, yoxsa bu sahəyə hansısa bir məhdudlaşdırıcı veto qoymalıyıq, yaxud özəl televiziyalara dövlət büdcəsindən ayırmalar olmalıdır və ya reytinqölçmə mexanizmləri şəffaflaşdırılmalıdır? Necə olur ki, cəmiyyətin böyük bir qismini, ziyalıları qane edən veriliş hansısa reytinqölçmə qrupuna cəlb olunmuş insanları razı salmır? Hesab edirəm ki, bu məsələlərdə müəyyən qaranlıq məqamlar var və yəqin ki, biz bunun üzərinə gedəcəyik.

Partiyaların sayının çoxalmasındansa keyfiyyətinin yaxşılaşması daha əlverişlidir

- “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişikliklər aprelin 20-də Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu layihədə mübahisə yaradan əsas müddəa partiyaların dövlətdən maliyyələşməsi mexanizmi ilə bağlıdır. Təklif olunan mexanizmə əsasən, ayrılacaq vəsaitin 50 faizinədək hissəsini hakim Yeni Azərbaycan Partiyası alacaq. Parlamentdə təmsil olunmayan, amma seçkilərdə 3 faizədək səs toplayan partiyaların da dövlətdən maliyyə alması nəzərdə tutulur. Amma hətta belə olan halda da AXCP, Müsavat Partiyası və digər müxalifət partiyaları dövlətdən maliyyə dəstəyi ala bilməyəcək. 3 faizlik baryerin aşağı salınması mümkündürmü?

- “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişikliklər layihəsinin müəlliflərindən biri də mənəm. Dəyişikliklər layihəsini hazırlayarkən qanunun tək hüquqi anlamını deyil, həm də onun siyasətini nəzərə almışıq. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, dərinləşdirilməsi, getdikcə təmərküzləşərək ciddi siyasi instituta çevrilməsi nəzərə alınıb. Azərbaycan kimi kiçik dövlətdə 50-dən artıq partiya var. Ona görə də zaman-zaman Azərbaycan o həddə gəlib çatmalıdır ki, partiya dedikdə insanların təfəkküründə həqiqi siyasi institut, hakimiyyəti idarə etməyə qadir, cəmiyyəti təmsil edə biləcək institut təsəvvür olunsun. Qanunun siyasətinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm mövcud vəziyyət, həm də siyasi institutların perspektivi burada nəzərdə alınsın.

Əlbəttə ki, parlamentdə müxtəlif fikirlər səslənəcək, layihəyə çox yaxşı əlavələr, təkliflər də ola bilər. O vaxt Venesiya Komissiyasında da müxtəlif fikirlər səsləndirilmişdi. Necə olacaq, nə təhər olacaq, bu, sonrakı prosesdir.

Dəyişikliklər layihəsində partiyalar üç yerə ayrılıb. Maliyyələşmə də belə gedir: hakim partiya - mövcud qalib partiya, yəni hakimiyyətin bütün strukturunu formalaşdıran, dövlətin idarəçiliyini həyata keçirən partiya; ikincisi, parlamentdə yer qazanan digər partiyalar - qanunverici hakimiyyətdə bəlli təmsilçilik norması olan partiyalar; üçüncüsü, parlamentdə təmsil olunmayan partiyalar. Biz bu institutları da unutmamışıq, çünki gələcəkdə parlamentə düşməyən partiyalar da dərhal özünü buraxmamalıdır, əksinə, kənarda qalmalarına müvafiq olaraq birləşməli, qruplaşmalıdır. Yəni özünəməxsus güc mərkəzinə çevrilərək növbəti parlamentdə əsas iddiaçılara çevrilməlidirlər. Ona görə də 3 faizlik baryer bizim üçün ədalətlidir və dünyada belə məsələdə bundan aşağı hər hansı rəqəmi təsəvvürümə də gətirmirəm. 3 faizlik baryeri bu seçkidə qazana bilməyən partiya gələcək seçkilərə qədər mütləq başqaları ilə birləşməli, onların arasında birləşmə stimulu olmalıdır. Bu da həmin siyasi partiyanın güclənməsini, fərqli, daha güclü instituta çevrilməsini təmin etməlidir.

O ki qaldı 40-50 faiz məsələsinə, bu da parlamentdə müzakirə olunacaq. Onu deyim ki, bu təkcə parlamentin indiki tərkibinin strukturuna görə deyil. Yəni YAP-ın deputatlarının sayının daha çox olması, buna görə daha çox pul alması, digər partiyanın isə bir deputatı olduğuna görə az pul alması kimi məqamlar parlamentin indiki tərkibinin doğurduğu reallıqdır. Biz nəzəri baxımdan elə götürmüşük ki, növbəti parlamentdə belə olmaya da bilər. İndiki göstəricilər 20, 30, 40, 70 faiz miqyasında dəyişə bilər. Biz dünya ölkələrinin təcrübəsini əsas götürmüşük. Həmin təcrübə necədir? Vəsaitin 40-50 faizi qalib partiyaya düşür, qalanı isə paylanır. Ayrılacaq vəsait partiyaların ümumi gücünə, say tərkibinə və cəmiyyətdə kəsb etdiyi əhəmiyyətə, cəmiyyətdə qəbul olunduğu dəyərə görə bölündüyündən bunu ədalətli bölgü kimi qəbul etmək lazımdır.

- Sizcə, qanunun təzələnməsi Azərbaycanda siyasi müstəvidə nəyi dəyişəcək?

- Təklif olunan dəyişikliklər açıqlanıb və müxtəlif siyasi qüvvələr, düşərgələr bunu fərqli formalarda dəyərləndirirlər. Dövlət maliyyələşməsinə düşməyənlər hesab edirlər ki, 3 faizlik kvota aşağı salınmalıdır və başqa partiyalar da pul almalıdır. Seçkinin qalibi olan partiya isə deyir ki, onlara az vəsait düşür, payları daha çox olmalıdır, ayrılacaq dövlət vəsaitinin 90 faizi onlara verilməlidir, qalan 10 faiz isə digər siyasi təşkilatlar arasında bölünməlidir. Parlamentə düşən, amma həddən artıq azlıqda qalan, bir-iki deputatla təmsil olunan partiyalar düşünürlər ki, maliyyələşmədə onların payları artırılmalıdır. Nə qədər partiya varsa, bir o qədər də fikir var. Siyasi mülahizələrin çox olması onu göstərir ki, “Siyasi partiyalar haqqında” qanun üzərində sonsuzluğa qədər işləmək mümkündür. Amma dəyişikliklər layihəsi hazırlanarkən burada yalnız hüquqi normalar, bu günün siyasi reallıqları nəzərə alınmayıb. Eyni zamanda Azərbaycanın gələcək siyasi palitrası, burada cərəyan edəcək proseslər nəzərə alınıb.

Qanunun hüquqi tərəfi və siyasəti var. Təklif olunan dəyişikliklərdə cəmiyyətin gələcək siyasi inkişafına, siyasi cəhətdən strukturlaşmasına və siyasi palitrasına yönəlmiş addımlar var. Mən bunun mahiyyətini qısaca olaraq belə diqqətə çatdırardım ki, biz partiyaları üç qrupa bölmüşük. Bunlar seçkinin qalibi olan partiyalar, bir qədər səs toplayıb parlamentə düşən partiyalar və 3 faizədək səs qazanan, amma Milli Məclisdə təmsil olunmayan partiyalardır. Biz istəyirik ki, gələcəkdə bu üç institut arasında münasibətləri yarış fonuna keçirək. Çöldə qalanlarla seçkidə qələbə qazananlar və azlıqda olanlar arasında həqiqi, demokratik yarış mühiti formalaşsın. Baryeri aşa bilməyən, parlamentə düşməyən partiyalar gələcəkdə təmərküzləşərək, birləşərək, səylərini, güclərini, tərəfdarlarını bir araya gətirərək güclü və ciddi instituta çevrilsinlər. Ciddi instituta çevrilən partiya isə artıq hakim partiya olmaq uğrunda mübarizə aparsın. Parlamentdə azlıqda qalan partiyalar da öz aralarında təmərküzləşsinlər, daha yaxşı güc mərkəzinə çevrilsinlər. Hesab edirik ki, dinamika kəmiyyətə deyil, keyfiyyətə yönəlməlidir. Partiyaların sayının çoxalmasındansa keyfiyyətinin yaxşılaşması daha əlverişlidir.

- Cəmiyyətdə əsas müxalifət partiyaları kimi tanınan Müsavat və Xalq Cəbhəsi partiyaları maliyyələşmədən kənarda qalırsa, bu mexanizm nə qədər effektli olacaq?

- Hesab edirəm ki, təklif olunan dəyişikliklər bu partiyalarda növbəti seçkilərə daha yaxşı hazırlaşmaq üçün stimul yaradacaq. 2015-ci ilin seçkisi çox da uzaqda deyil. 2015-ci ilin parlament, yaxud 2013-cü ilin prezident seçkilərində və digər seçkilərdə bu partiyalar fəaliyyətlərini, səylərini birləşdirsinlər, güclərini artırsınlar. Bunun nəticəsində isə növbəti seçkilərdə dövlətdən maliyyələşən partiyalar sırasına düşsünlər. Maliyyələşmə üçün nəzərdə tutulan baryeri 3 faizdən aşağı salmaq cəmiyyətin siyasi institutlaşmasını məhv etmək deməkdir. Əgər 3 faizdən aşağı səs toplayan partiya dövlət maliyyələşməsinə düşsə, o zaman Azərbaycanda nə qədər siyasi iddialı insan varsa, bir o qədər də partiyanın yaradılmasının şahidi olacağıq.

- Müxalifət hesab edir ki, sonuncu parlament seçkisi azad, ədalətli, demokratik olmayıb və onlar seçkidə rəsmi şəkildə göstəriləndən daha çox səs toplayıblar. 3 faizədək səs almayan partiyaların başqa mexanizmlə maliyyə alması mümkündürmü?

- Əgər partiyalar maliyyə almaq istəyirlərsə, buna nail olacaqlar. Bunun üçün müvafiq olaraq qanunun tələblərinə, proseduralarına əməl etməlidirlər, seçkilərə qatılmalıdırlar, 3 faizdən artıq səs toplamalıdırlar. Əgər 3 faiz səs toplaya bilmirlərsə, deməli, onlar ciddi partiya sayıla və dövlət maliyyələşməsinə düşə bilməzlər.

Onların hansı ildə seçkilərin necə keçirilməsi, nələrin baş verməsi haqda iddialarına gəlincə, bunlar hamısı siyasi mülahizələrdir. Dövləti həmin mülahizələrlə idarə etmək, siyasətini onunla formalaşdırmaq olmaz, xüsusən də qanunvericilik fəaliyyətini. Hesab edirəm ki, bu partiyalar özləri bir yol tapacaqlar, dövlətin ciddi institutuna çevrilmək, onun maliyyələşməsi prosesində iştirak etmək və həmin vəsaitin böyük bir qismini əldə etmək üçün müxtəlif yollar arayacaqlar.

- Qanun dəyişdiriləndən sonra partiyaların proqramları Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Bununla bağlı YAP və müxalifət partiyalarının mövqeyi üst-üstə düşür. Onlar hesab edirlər ki, partiya proqramının Ədliyyə Nazirliyində qeydiyyata alınması doğru deyil.

- Bunlar texniki məsələlərdir. Siyasi partiyanın fəaliyyətinin əsasında hakimiyyətə gəlmək, bunun uğrunda qanun çərçivəsində mübarizə aparmaq, hakimiyyətə gələcəyi təqdirdə görəcəyi işləri siyasi cəhətdən əsaslandırıb cəmiyyətə bəyan etmək dayanır. Ona görə partiyaların siyasi proqramları tez-tez dəyişə bilməz. Taktiki işlər, vəzifələr, proqramın həyata keçirilməsi ilə bağlı digər məsələlər dəyişə bilər. Proqramlar isə qurultayda, partiyanın ali qurumlarının iclaslarında qəbul olunur.

Amma dəyişikliklər layihəsi, qanun “Quran” ayəsi deyil ki, ona heç kim toxunmasın, təklif, irad bildirməsin. Layihəni bir qrup hazırlayıb və prezident İlham Əliyev onu dəstəkləyərək parlamentə göndərib. Parlamentdə hansısa əlavələr, dəyişikliklər ola bilər. Əgər hansısa müddəa məqbul hesab olunmursa, parlamentin onu dəyişdirməyə tam ixtiyarı var. Amma partiyaların cari fəaliyyəti, taktikaları ilə siyasi proqramını bir-birinə qarışdırmaq lazım deyil.

Siyasi partiya hakimiyyətə gəlməyə iddialıdırsa, onun maliyyələşməsində şəffaflıq olmalıdır

- Dəyişikliklər layihəsinə görə, partiyalara ianə verən insanların kimliyi açıqlanmalıdır. Müxalifət partiyaları bununla razılaşmır. Onlar deyirlər ki, indi onsuz da müxalif siyasi təşkilatlara ianə verən yoxdur, ianə verənlərin kimliyinin açıqlanması qanuniləşsə, onda müxalifətə heç kömək edən olmayacaq. Həmin müddəanın dəyişdirilməsi mümkündürmü?

- Bu bütün dünyada belədir. Əgər insan hansısa aksiyaya qoşulursa, ianə verirsə, sponsorluq edirsə, bunu şəffaf formada həyata keçirməlidir. Bütün dünyada ianə verənlərin şəxsiyyəti ona görə açıqlanır ki, vergidən yayınma olmasın, fəaliyyətin şəffaflığı təmin edilsin, ianə verən, yardım edən şəxslərin hüquqları başqa insanlar tərəfindən mənimsənilməsin. Mümkün mənfi halların qarşısını almaq məqsədilə belə bir mexanizm həyata keçirilir. Əvvəlki illərdə Azərbaycanda da bu sahədə ciddi narahatlıq və narazılıqlar olub, bunlar hamıya məlumdur. Kimliyi açıqlanmayan, qeyri-şəffaf mənbələr gizli formada anti-Azərbaycan fəaliyyətini maliyyələşdiriblər. Sonda bu, partiyaların müxtəlif xarici dairələrin təsir altına düşməsinə gətirib çıxarıb. Belə partiyalardan maliyyənin haradan gəldiyini soruşanda mənbəyi məlum olmayan ianələri göstərirlər, pulun ianələr olduğunu, fəaliyyətlərinin bunun hesabına maliyyələşdiyini iddia edirlər. Tarixən belə olub ki, mənbəyi bilinməyən sərmayə yaxşı işə xidmət etməyib, bu, faktiki olaraq mümkün deyil. Ona görə də əgər siyasi partiya cəmiyyətin bir institutudursa, Azərbaycanda hakimiyyətə gəlməyə iddialıdırsa, bunun uğrunda mübarizə aparırsa, onun maliyyələşməsində şəffaflıq olmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir.

- Parlamentdə 11 siyasi partiya var. Onlardan 2-si parlament seçkisində partiya kimi iştirak etməyib, 1-i isə seçkidən sonradan dövlət qeydiyyatına alınıb. Bu partiyalara da dövlət büdcəsindən vəsait veriləcəkmi? Ümumilikdə partiyalara nə qədər vəsait ayrılacaq?

- Bunu hələlik hesablamamışıq. Çünki dəyişikliklər layihəsi konkret olaraq bu parlament, indiki siyasi palitra üçün hazırlanmayıb. Qanunun məntiqi, fəlsəfəsi Azərbaycanın gələcək siyasi palitrasının formalaşmasına, siyasi inkişafına, yaxşılaşmasına xidmət edir. Ona görə də indiki parlamentdə qanunun hansısa müddəasının tətbiqi sahəsində müəyyən problemlər yarana bilər. Amma parlament də problemlərin yaranmaması üçün təkliflər vermək, onu həyata keçirmək üçündür.

...Belə şeyi yalnız Azərbaycan müxalifəti edə bilər

- Azərbaycan “Avroviziya” mahnı yarışına hazırlaşır. Eyni zamanda müxalif İctimai Palata elan edib ki, “Avroviziya 2012”yə qədər vicdan məhbusları, xüsusən də 2011-ci ilin aprel ayının 2-də Bakıda keçirilmiş aksiyaya görə həbs olunan şəxslər azadlığa buraxılmasa, etiraz aksiyaları təşkil ediləcək. Mahnı yarışı başlanana qədər Azərbaycanda növbəti əfv sərəncamının imzalanması, yaxud başqa bir formada müxalifətin və bir sıra təşkilatların vicdan məhbusu saydığı şəxslərin azadlığa buraxılması mümkündürmü? Ümumiyyətlə, İctimai Palatanın “Avroviziya 2012” müsabiqəsi keçirilən günlərində paytaxtda aksiyalar təşkil etməsini gözləyirsinizmi?

- Təəssüf edirəm ki, bu halda da Azərbaycan müxalifəti anti-dövlət mövqeyini ortaya qoyur. Müxalifət bir daha nümayiş etdirir ki, onun üçün dövlət, millət adlı ali məfhumlar yoxdur, konkret təkliflərinin reallaşması əsasdır. Müxalifət deyir ki, ya bu təkliflər həyata keçəcək, ya da o, bunun hansı mahiyyət kəsb edəcəyindən, millətin, dövlətin imicinə hansı zərbə vurulacağından asılı olmayaraq istədiyini edəcək. Amma bu, yaxşı hal deyil. Mən təsəvvür etmirəm ki, Ermənistan müsabiqədə qalib olaydı və erməni cəmiyyətində müxalifət çıxıb bu müsabiqənin keçirilməsinin əleyhinə çıxışlar, bəyanatlar verəydi. Mən bunu təsəvvür etmirəm. Belə şeyi yalnız Azərbaycan müxalifəti edə bilər.

O ki qaldı məhbusların azadlığa çıxması məsələsinə, bununla bağlı nəsə deyə bilmərəm. Çünki bu məsələ müstəsna olaraq Əfv Məsələləri Komissiyasının təklifi əsasında həyata keçirilir. Komissiya hesab etsə ki, bu insanlar buraxıla bilər, bununla bağlı cənab prezidentə məruzə olunsa və dövlət başçısını inandıra bilsələr, müvafiq olaraq əfv sərəncamı da imzalana bilər. Amma bunu da kənara qoyaq. 1993-cü ildən başlayaraq Azərbaycan dövlətinin siyasəti birmənalı olaraq yalnız ümumi maraqlara, Azərbaycan millətinin maraqlarına əsaslanır. Hər hansı təklif Azərbaycan xalqının marağına cavab verirsə, nəzərə alınır, cavab vermirsə, onda kimin necə düşünməsi, hadisələri daxildən, yaxud xaricdən necə qiymətləndirməsi, hakimiyyətə təzyiq göstərməyə çalışması əhəmiyyət daşımır. Azərbaycan hakimiyyəti yalnız bir mövqedən - Azərbaycan millətinin marağından çıxış edir. Əgər həmin təkliflər buna cavab verirsə, qəbul olunur. Başqa halda teatr göstərməyə ehtiyac yoxdur.

Aynur İMANOVA

İmdad ƏLİZADƏ

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb