MƏDƏNİYYƏT
“Bizim kino günləri” layihəsində növbəti film - “Axınla aşağı”
Bakı, 23 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “Bizim kino günləri 2017” layihəsi çərçivəsində bu gündən etibarən Asif Rüstəmovun “Axınla aşağı” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının “Facebook” səhifəsində yerləşdiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırıblar.
Qeyd edək ki, “Axınla aşağı” filmi ondan artıq ölkənin 15 beynəlxalq film festivalında nümayiş etdirilib və mükafatlara layiq görülüb.