BMT BAŞ KATİBİ VƏZİFƏSİ UĞRUNDA 7 NAMİZƏD MÜBARİZƏ APARACAQ
Tailand diplomatı Sihasak Phuanqketheok isə Nyu-Yorkda demişdir ki, Banqkokda hakimiyyətə gələn “İnzibati İslahatlar Şurası” Satientayın namizədliyini dəstəkləyir.
Satientayı namizəd göstərən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) onu dəstəkləməkdə davam edir. Lakin bəzi Asiya ölkələrinin diplomatları hesab edirlər ki, o, sentyabrın 14-də BMT Təhlükəsizlik Şurasında keçirilən qeyri-rəsmi səsvermənin ikinci mərhələsindən sonra namizədliyini geri götürməli idi, çünki səsvermə onun imkanlarının məhdud olduğunu göstərmişdir.
Namizədlər siyahısında isə hələlik Cənubi Koreyanın xarici işlər naziri Pan Gi Mun liderdir. Onu Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü dəstəkləyir. Onun ardınca BMT baş katibinin müavini Şaşi Tarur (Hindistan, 10 səs), Satientay (9), İordaniyanın BMT yanında daimi nümayəndəsi şahzadə Zaid əl-Hüseyn (6), diplomat Cayanta Dhanapal (Şri-lanka, 3) gəlirlər.
Bu günlərdə Baltikyanı ölkələr tərəfindən namizəd göstərilmiş Latviya Prezidenti Vayra Vike-Freyberqa və Əfqanıstan Prezidenti Həmid Kərzainin şəxsən təklif etdiyi namizəd, ölkənin sabiq maliyyə naziri Əşrəf Qəni də onlara qoşulmuşlar.
Reytinq səsverməsinin növbəti mərhələsi sentyabrın 28-nə nəzərdə tutulmuşdur.
BMT Nizamnaməsinə görə, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis tərəfindən təyin olunur.
Hazırkı baş katib Kofi Annanın səlahiyyətləri bu ilin dekabrında başa çatır.