BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ
Müraciətdə deyilir ki, narkotik vasitələrdən istifadə ilə bağlı ən zərərlisi bu problemin daimi olması haqqında yanlış təsəvvürdür. Əsl həqiqət isə ondadır ki, narkotiklərdən istifadənin müalicəsi mümkündür.
Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə beynəlxalq günün builki mövzusu “Narkotiklər: Müalicə mövcuddur” adlanır. Onun əsas məqsədi dünya ictimaiyyətində hökm sürən yanlış təsəvvürlərə aydınlıq gətirərək, narkomaniyadan müalicəyə dair etibarlı tədqiqat və sübutlara əsaslanan faktların çatdırılmasına xidmət etməkdir.
Baş katib bildirir ki, bütün dünyada milyonlarla insan – bu bəlaya düçar olanlar və onların ailələri narkotiklər problemi ilə üzləşmişlər. Onların həyatı puç olmuş, sağlamlıqlarına ciddi ziyan dəymiş, təhsilləri yarımçıq qalmış, iş yerləri itirilmiş, ən əsası isə, ailələri dağılmışdır. Bu gün biz narkotiklərdən asılılıq mexanizmini yaxşı başa düşürük. Bilirik ki, bu asılılıq xroniki xarakter daşıyır və bir çox hallarda orqanizmin pozulmasına səbəb olur. Bir çox xroniki xəstəliklər kimi, narkotik vasitələrin təsiri altına düşmüş şəxslərin də yenidən səmərəli həyat şəraiti əldə etməsinə, sağlamlığında yaranmış fiziki, əqli problemlərin azaldılması və aradan qaldırılmasına, ailənin möhkəmlənməsinə, uşaqlara göstərilən qayğının daha da artırılmasına, həyat şəraiti və məşğulluq imkanlarının əldə olunmasına kömək edən səmərəli müdaxilələr də mövcuddur.
Bu siyasəti formalaşdıranlar anlamalıdırlar ki, müalicə aparmaq narkotiklərdən istifadənin təkcə bir şəxsin və ya cəmiyyətin sağlamlığına təsir etmir, həm də göstərilən tibbi xidmət, sosial təminat və kriminal hadisələrə hüquqi müdaxilə xərclərinin azaldılması məsələlərinin həlli yoludur.
BMT-nin baş katibi narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi əleyhinə beynəlxalq gündə hər bir kəsi müalicəyə və onun səmərəliliyinə dair təsirli dəlillərə diqqət yetirməyə və onları nəzərə almağa çağırmışdır.