SİYASƏT
BMT BAŞ MƏCLİSİNİN BUDƏFƏKİ SESSİYASINDA AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ DAHA ÇOX DÖVLƏT MÜDAFİƏ EDƏCƏKDİR
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də BMT Baş Məclisinin 64-cü sessiyası öz işinə başlayacaqdır. Baş Məclisin sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələlər daxil edilmişdir. Sentyabrın 21-dən 27-dək Nyu-Yorkda səfərdə olacaq xarici işlər naziri Elmar Məmmədyarovun sessiyada çıxışı nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov demişdir ki, eyni məsələ hələ ötən ilin martında qurumun 62-ci sessiyasında müzakirə edilmişdi. Müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnmişdi. Səsvermədə ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin mövqeyi bizi təəssüfləndirmişdi. Hələ müzakirələrdə həmsədr ölkələr adından ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini çıxış edərək bildirmişdi ki, Minsk qrupu ölkələri qətnamə layihəsinin əleyhinə səs verəcəklər. Belə də oldu. Bununla belə, Azərbaycan tərəfindən irəli sürülmüş, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət olunmasını bəyan və erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiqləyən, işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul edildi. Bu sənədin Azərbaycan Respublikası tərkibində olmaqla Dağlıq Qarabağda səmərəli fəaliyyət göstərə biləcək demokratik özünüidarəetmə sisteminin yaradılması məqsədi ilə bölgənin erməni və azərbaycanlı icmalarının təhlükəsiz və bərabər həyat şəraitinin təmin olunmasının zəruriliyini qeyd edən bəndini xüsusilə vurğulamaq istəyirəm. Bu, regionun gələcək statusu və onun bütün əhalisinin təhlükəsizliyi ilə bağlı zəmanətə dair ATƏT-in Lissabon prinsiplərinin şərtlərinə uyğundur. Özünə hörmət edən hər bir qurum qəbul etdiyi qərarın icrası ilə maraqlanır. Ümid edirik ki, Baş Məclis özünün ötənilki qətnaməsinin icrası vəziyyətinə də diqqət yetirəcəkdir. Digər tərəfdən, icmamız inanır ki, bu dəfə Azərbaycanın ədalətli mövqeyini daha çox dövlət müdafiə edəcəkdir. İstərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişə ilə bağlı konkret mövqelərini nümayiş etdirsinlər. Çünki Azərbaycan diplomatiyasının növbəti qələbəsi olan qətnamədə vasitəçilərin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaları vurğulanmışdır. Bu isə həmsədrlər üçün ciddi mesajdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunmuşdur. Həmin il oktyabrın 29-da Azərbaycan Respublikasının Ali Soveti dünya dövlətləri və BMT-yə müraciət göndərərək bu beynəlxalq birliyə üzv qəbul olunması istəyinin nəzərdən keçirilməsini xahiş etmişdir. 1992-ci il fevralın 14-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciətinə baxmış və Baş Məclisə onun üzvlüyə qəbulu üçün tövsiyə vermişdir. Beləliklə, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunmuşdur. Bununla da Azərbaycan BMT-nin 181-ci üzvü olmuş, həmin gün Nyu-Yorkda, BMT-nin iqamətgahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. 1992-ci il mayın 6-dan BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. BMT-nin Azərbaycan təmsilçiliyi isə 1993-cü ildə açılmışdır.