İDMAN
BMT-də dinc və firavan gələcək üçün idmanın inkişaf etdirilməsi imkanları müzakirə edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Nyu-Yorkda İnkişaf və sülh naminə idman mövzusunda Üçüncü Forum başlanmışdır. Forumun məqsədi sosial və iqtisadi problemlərin həllinə və bütövlükdə minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün idmanın imkanlarına diqqəti cəlb etməkdir.
BMT-nin Baş Katibi Pan Gi Mun forum iştirakçılarına müraciətlə xatırlatmışdır ki, təhsil, yoxsulluğa, aclığa və xəstəliklərə qarşı mübarizə sahələrində bütün ölkələrin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün müəyyən edilmiş vaxtın başa çatmasına üç il yarım qalmışdır.
BMT-nin rəhbəri demişdir: “Bununla əlaqədar idmana mühüm rol ayrılır”. Baş katib qeyd etmişdir ki, idman ulduzları çoxları üçün nümunədir. Gənclər onların fikirləri ilə hesablaşırlar.
Pan Gi Mun demişdir: “Gəlin elə edək ki, bizim idman qəhrəmanları həm də liderlər olsun, liderlərə ehtiyacımız çoxdur. gəlin elə edək ki, idman tədbirləri zamanı sülh, ləyaqət, bərabərlik, ədalət və vicdanlılıq prinsipləri önə çəkilsin”.
Baş katib vurğulamışdır ki, olimpiya hərəkatı fiziki imkanları məhdud olan şəxslərə münasibətdə neqativ stereotiplərin aradan qaldırılması və onların idmanla məşğul olmaq, Paralimpiya oyunlarında iştirak etmək hüquqlarının gerçəkləşməsinə imkan yaratmağa çalışır.
Pan Gi Mun BMT-nin və Beynəlxalq Olimpiya Komitəsinin inkişaf etməkdə olan ölkələrin çoxunda idman sahəsində layihələrin həyata keçirilməsi üçün birgə səylərindən söhbət açmışdır.
Baş katib demişdir: “Şadam ki, hökumətləri sosial və iqtisadi inkişaf üçün bir vasitə kimi idmandan və fiziki fəallıqdan istifadə edən ölkələrin sayı getdikcə artır”.
Pan Gi Mun daha sonra bildirmişdir ki, BMT insanların səhhətindən və ya gəlirlərinin səviyyəsindən, dərisinin rəngindən və ya dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin idmana cəlb edilməsi işində tərəfdaşlığa hazırdır.
Baş katib onu da əlavə etmişdir ki, beynəlxalq birlik dinc və firavan gələcək üçün idmanın imkanlarından istifadə edə bilər.