İQTİSADİYYAT
BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında “Gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsinin 4-cü mərhələsinin icrasına dair imzalanma mərasimi keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında “Gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən (DGK) AZƏRTAC-a bildirilmişdir ki, sənədi DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek imzalamışlar. Layihənin məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarəti gücləndirməkdir.
İmzalanma mərasimindən öncə Aydın Əliyevlə Antonius Bernardus Broeki arasında görüş keçirilmişdir.
Komitə sədri iki qurum arasında imzalanmış razılığa əsasən, 1999-cu ilin yanvar ayından icrasına başlanılan “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” layihəsinin uğurla davam etdiyini bildirmiş, bu layihənin gömrük xidmətinin inkişafına müsbət təsirindən danışmışdır.
Antonius Bernardus Broek BMT İnkişaf Proqramı ilə Azərbaycan gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə etmişdir.