BMT İRAQA QAYIDIR
Təcrübəli diplomat Qazi bundan əvvəl Pakistanın ABŞ-da səfiri işləmişdir. Bu günlərdə o, jurnalistlərə bildirmişdir ki, gələn ilin yanvarı üçün nəzərdə tutulan ümummilli seçkilərə hazırlıq görülməsini İraqda fəaliyyətinin əsas istiqaməti hesab edir. Qazi demişdir ki, İraq sakinləri hər bir işdə onlara kömək edəcəyimizə böyük ümid bəsləyirlər və biz onların ümidlərini doğrultmalıyıq. Hazırda ölkənin yaşadığı keçid dövründə iraqlılar məhz BMT-yə daha çox ümid bəsləyirlər.
İraqda müharibədən əvvəl burada BMT nümayəndəliyinin 600-dən çox əməkdaşı vardı. BMT-nin keçmiş elçisi Serjio Vieyra de Mellonun (Braziliya) terror aktı nəticəsində ölümündən sonra onların, demək olar, hamısı ölkədən çıxarılmışdır. İndi Bağdadda nümayəndəliyin çox az sayda əməkdaşı qalmışdır ki, onlar da İraqın siyasi gələcəyinə dair konfransın informasiya təminatı ilə məşğul olurlar. Qalan əməkdaşlar isə işi qonşu İordaniyanın ərazisində davam etdirirlər.
BMT müşahidəçilərinin olması zəruri şərt sayılan qarşıdakı seçkilərdə təşkilatın rəhbərliyini onun əməkdaşlarının təhlükəsizliyi problemi narahat edir. Çünki hələ heç bir ölkə nümayəndəliyin mühafizəsi üçün öz əsgərlərini ayırmaq qərarına gəlməmişdir, hərçənd müvafiq təkliflər Pakistan, Nepal, Azərbaycan, Gürcüstan və Ukrayna hökumətləri tərəfindən nəzərdən keçirilmişdir.