DÜNYA
BMT Krımın Rusiyanın tərkibinə daxil edilməsini tanımamağa çağırır
Bakı, 25 mart (AZƏRTAC). BMT Baş Məclisində Krımın referendum əsasında Rusiyanın tərkibinə daxil olmasını tanımamağa çağıran qətnamə layihəsi yayılmışdır.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, sənədin Ukraynanın xahişi ilə Baş Məclisin martın 27-də keçirilməsi planlaşdırılan plenar iclasında səsverməyə çıxarılması planlaşdırılır. Qətnamə layihəsində təsdiq olunur ki, referendum “etibarsızdır və Krım Muxtar Vilayətinin, yaxud Sevostopolun statusunda istənilən dəyişiklik üçün əsas ola bilməz”. Sənəd, həmçinin bütün dövlətləri, beynəlxalq təşkilatları və ixtisaslaşdırılmış agentlikləri Krım Muxtar Vilayətinin və Sevostopolun statusunda bu referendum əsasında heç bir dəyişikliyi tanımamağa və dəyişdirilmiş statusun tanınması kimi qəbul edilə biləcək istənilən hərəkətdən çəkinməyə çağırır.
Martın 15-də Rusiya BMT Təhlükəsizlik Şurasının analoji qətnaməsinə veto qoymuşdu. Baş Məclisdə isə sənədin qəbul olunması üçün sadə səs çoxluğu kifayət edir.