DÜNYA
BMT-nin Baş katibi beynəlxalq ictimaiyyəti qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə çağırmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının baş katibi Dünya Qaçqınlar Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlamışdır.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan ofisindən AZƏRTAC-a verilən məlumata görə, dünyada məcburi köçkünlərin sayı getdikcə artmaqdadır. Hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün vardır. Bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalmışdır.
Baş katib Dünya Qaçqınlar Günü ilə əlaqədar müraciətində diqqəti bu statistikaya yönəldərək demişdir: “Rəqəmlər bu dəhşətli insan faciəsinin sadəcə çox kiçik bir hissəsidir. Hər gün münaqişələr minlərlə ailələrin həyatını məhv edir. Ailələr bəzən sevdikləri insanlardan, bəzən isə müharibə xaosu səbəbindən bir-birilərindən ayrı düşürlər. Bundan isə ən çox uşaqlar əziyyət çəkirlər. Qaçqınların demək olar ki, yarısı 18 yaşa çatmayan uşaqlardır”.
Müraciətdə qeyd edilir ki, müharibələr hələ də qaçqın və məcburi köçkünlərin sayının artmasının başlıca səbəbi olaraq qalır. Qaçqınların yarıdan çoxu məhz müharibə gedən beş ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır. Hazırda Mali, Konqo Demokratik Respublikası və Sudanda yeni böyük yerdəyişmələr müşahidə edilməkdədir.
Baş katib məcburi yerdəyişmənin qaçqınlara sığınacaq verən icmalara nəzərəçarpacaq dərəcədə iqtisadi, sosial və bəzən siyasi təsirləri olduğunu da diqqətə çatdıraraq vurğulayır ki, hazırda dünya qaçqınlarının 81 faizi inkişaf etməkdə olan ölkələrdə yerləşir. Bu da həmin yoxsul ölkələr üçün getdikcə daha çox və daha dərin problemlər yaradır. Evlərindən didərgin düşmüş insanlar üçün davamlı həll yollarının tapılması, beynəlxalq ictimaiyyətin daha çox birlik nümayiş etdirməsi və bu ağırlığı birgə çəkməyə hazır olması vacibdir.
Müraciət baş katibin aşağıdakı çağırışı ilə sona yetir: Dünya Qaçqınlar Günündə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm”.