SİYASƏT
BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ MİQRANTLAR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
Bakı, 17 dekabr (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun 18 dekabr - Beynəlxalq Miqrantlar günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlamışdır.
Müraciətdə deyilir ki, 200 milyondan artıq miqrant dünya iqtisadiyyatını sarsıdan maliyyə böhranına qarşı daha çox həssasdır. Bundan əlavə, miqrasiya siyasətində məhdudiyyətlər də artmaqdadır.
Baş katib bildirmişdir: “Biz hələ də kriminal halların qeyri-qanuni miqrantlarla əlaqələndirilməsinin şahidi oluruq. Əksər hallarda miqrantlar əsasən təhlükəsizlik məsələləri ilə bağlı problemlərlə üzləşirlər. Dünyanın bir çox yerində miqrantların icbari və ya uzunmüddətli saxlanılma halları artmaqdadır”.
Pan Gi Mun belə bir gündə dünya ictimaiyyətindən bu məsələ üzrə ən müfəssəl beynəlxalq sənəd olan əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair Beynəlxalq Konvensiyaya qoşulmasını xahiş edir.
Ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədi ilə 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidməti yaradılmış və qarşıya ciddi tapşırıqlar qoyulmuşdur.
Miqrasiya sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi üçün Avstriyanın, Niderlandın, Belçikanın, İsveçrənin, Almaniyanın, Rusiyanın və digər ölkələrin müvafiq qurumları ilə ikitərəfli əlaqələr qurulmuşdur. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da miqrantların hüquqlarının qorunması istiqamətində lazımi şərait yaradılmışdır.