DÜNYA
BMT-nin Baş katibi: BRICS qrupu qlobal problemlərin həllində mühüm rol oynaya bilər
Bakı, 25 avqust, AZƏRTAC
Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRICS sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş geosiyasi parçalanmalar və ədalətsizliyin bəşəriyyəti uçuruma apardığını deyib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Baş katib dünyanın ciddi problemlərlə üz-üzə olduğu bir vaxtda iqlim dəyişikliyinin və yoxsulluğun, aclığın və bərabərsizliklərin artmasının qarşısını almaq məqsədilə birgə fəaliyyətə ehtiyac olduğunu vurğulayıb. O əlavə edib: “Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRICS qrupu dünya əhalisinin 40 faizindən çoxunu təmsil edir və eyni zamanda, həmin dövlətlər G20 blokunun üzvləridir. Bu ölkələr qlobal çağırışlara cavab vermək üçün birlik nümayiş etdirə bilər”.
A.Quterreş çoxqütblü dünyaya doğru qlobal keçidi qeyd edərək xəbərdarlıq edib ki, çoxqütblülük təkbaşına dinc və ədalətli status-kvonu təmin edə bilməz. O, bu dəyişikliyi dəstəkləmək üçün möhkəm və effektiv çoxtərəfli institutların olmasını zəruri amil kimi qiymətləndirib. “Qlobal birlik çoxqütblülüyə doğru irəlilədikcə, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan gücləndirilmiş və islahat edilmiş çoxtərəfli arxitekturaya çox ehtiyacımız var və mən bunu qətiyyətlə müdafiə edirəm”, - deyə Baş katib bildirib.
Bugünkü qlobal idarəetmə strukturlarının hələ də müstəmləkə altında olan bir çox Afrika ölkəsi istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra qurulduğuna diqqət çəkən BMT rəhbəri qeyd edib ki, bu qurumların müasir güc dinamikasını və iqtisadi reallıqları əks etdirməsi mühüm amildir. O xəbərdarlıq edib ki, bu cür islahatlar olmadan parçalanma qaçılmaz olur. A.Quterreş əlavə edib: “Biz bölünmüş qlobal iqtisadiyyat və maliyyə sistemi olan bir dünyada normal yaşaya bilmərik; süni intellekt daxil olmaqla, texnologiyaya dair fərqli strategiyalar, ziddiyyətli təhlükəsizlik çərçivələri potensial təhlükə mənbəyidir. Bu çəkişmələrin ən ağır yükünü isə aşağı gəlirli ölkələr, xüsusən də Afrika dövlətləri daşıyacaq. Mən Yohannesburqa sadə bir mesajla gəldim: böhranlarla dolu parçalanan dünyada əməkdaşlığın alternativ yoxdur".