DÜNYA
BMT-nin Baş katibi: İsrail və Suriya təmkinlilik nümayiş etdirməlidirlər
Bakı, may (AZƏRTAC). BMT-nin Baş katibi Pan Gi Mun İsrail hərbi hava qüvvələrinin Suriyaya aviasiya zərbələri endirməsi barədə xəbərlərlə əlaqədar ciddi narahat olduğunu bildirmişdir. Hazırda Birləşmiş Millətlər Təşkilatının sərəncamında bu insidentlərin təfsilatı barədə məlumat olmadığını, buna görə də hadisəni təsdiqləyə bilmədiyini vurğulayan baş katib regiondakı əlaqədar tərəfləri təmkinlilik nümayiş etdirməyə və dövlətlərin suverenliyi prinsipinə riayət etməyə çağırmışdır.
BMT rəhbərinin rəsmi nümayəndəsi Martin Nesirkenin məlumatında deyilir: “Baş katib bütün tərəfləri maksimum sakitlik və təmkinlilik nümayiş etdirməyə, habelə onsuz da dağıdıcı və hədsiz təhlükəli olan münaqişənin daha geniş yayılmasının qarşısını almaq üçün məsuliyyətli hərəkət etməyə çağırır”.
M.Nesirkenin sözlərinə görə, Baş katib “regiondakı bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının bütün qətnamələrinə riayət etməyə çağırmışdır”.
Bəzi KİV-lərdə yayılan məlumata görə, son günlərdə İsrail hərbi hava qüvvələri Suriya ərazisindəki hədəflərə bir sıra zərbələr endirmişdir. Keçən gecə Dəməşq şəhərinin ətrafındakı hərbi anbarlar bombalanmışdır. Bəzi məlumatlara görə, bu əməliyyatın məqsədi İrandan Suriya Ərəb Respublikasına çatdırılmış, “Hizbullah” silahlıları üçün nəzərdə tutulan “Fateh-110” raketlərini məhv etməkdən ibarət olmuşdur. Suriya KİV-lərinin verdiyi xəbərə görə, bombardman nəticəsində 300-ə yaxın hərbi qulluqçu həlak olmuşdur.
Ərəb KİV-ləri bildirirlər ki, Suriya bu insidentlər barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdi, lakin bu məsələ ilə əlaqədar Şuranın iclasının çağırılması barədə qərar hələlik qəbul edilməmişdir.