BMT-NİN BAŞ KATİBİ PAN Gİ MUN ALMANİYADA RƏSMİ SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun iyulun 15-də Almaniya Federativ Respublikasına ilk rəsmi səfərə gəlmişdir. BMT rəhbərinin ikigünlük səfəri Almaniyanın federal kansleri Angela Merkelin rəsmi dəvəti əsasında gerçəkləşmişdir.
Səfərin ilk günü Pan Gi Mun Angela Merkel ilə görüşmüşdür. Görüşdə Yaxın Şərq, Əfqanıstan, Myanmar (Birma) və Afrika ölkələrindəki vəziyyət, beynəlxalq ekologiya və enerji siyasəti, eləcə də ərzaq məhsullarının bahalaşmasının yaradacağı təhlükə əsas müzakirə mövzuları olmuşdur. A.Merkel Pan Gi Muna BMT-nin “Minilliyin məqsədləri” proqramının həyata keçirilməsində ölkəsinin dəstək göstərəcəyini vəd etmişdir.
Pan Gi Mun Almaniyanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, dünyanın müxtəlif nöqtələrindəki böhran ocaqlarında BMT-nin mandatı altında həyata keçirilən sülhyaratma və hərbi missiyalarında ölkənin göstərdiyi fəaliyyəti yüksək dəyərləndirmişdir.
BMT-nin baş katibi Almaniyaya rəsmi səfərinin proqramında, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mehmet Əli Tələt, Almaniyanın federal xarici işlər naziri Frank-Valter Ştaynmayer və federal müdafiə naziri Frans Yozef Yunq ilə görüşləri də vardır.
Rəsmi səfərin sonunda Pan Gi Mun BMT-nin Bonn şəhərində yerləşən bölməsinə baş çəkəcəkdir. Bu şəhərdə təşkilatın 17 qurumunun iqamətgahı yerləşir. BTM-nin baş katibi əsasən ekologiya və inkişaf sahələrində fəaliyyət göstərən qurumlarda olacaqdır.