DÜNYA
BMT-nin baş katibi Suriyaya dair sülh konfransını ən qısa müddətdə çağırmağı vəd etmişdir
Bakı, 29 iyun (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun əvvəlki kimi əmindir ki, Suriya münaqişəsini “yalnız siyasi vasitələrlə” nizama salmaq olar. Baş katib Rusiya və ABŞ-ın təşəbbüsü ilə “Cenevrə-2” sülh konfransının keçiriləcəyinə ümid bəsləyir.
Belə bir fikir baş katibin Suriya Ərəb Respublikasında vəziyyətə dair məruzəsində yer almışdır.
Məruzədə deyilir: “Mən əvvəlki kimi əminəm ki, Suriya Ərəb Respublikasında münaqişənin eskalasiyasına və xalqın bitib-tükənmək bilməyən əzablarına yalnız siyasi vasitələrlə son qoymaq olar”.
Baş katib yazır: “Mən ən qısa müddətdə Cenevrədə Suriya Ərəb Respublikasına dair konfrans çağırmaq istəyirəm. Suriyanın hər iki tərəfi - hökumət və müxalifət bu konfransda danışıqlara başlaya bilərlər”. Baş katib əmin etmişdir ki, “bütün səylər “Cenevrə-2” konfransının təşkil edilməsinə yönəldilmişdir”.
Pan Gi Mun digər sülh təşəbbüslərinə, o cümlədən prezident Bəşər Əsədin təşəbbüsü ilə “hökumət tərəfindən seçilmiş siyasi qrupların vətəndaş cəmiyyəti qrupları ilə” milli dialoquna dair konfransa Suriya hökumətinin ilin əvvəlindən hazırlıq görməsi məsələlərinə də toxunmuşdur.
Baş katib yazır: “Bir neçə müşavirə keçirilməsinə baxmayaraq, Suriyada və onun hüdudlarından kənarda fəaliyyət göstərən siyasi birliklərin və silahlı müxalifət qruplarının çoxu bu prosesi əvvəlki kimi rədd etmiş, hökumətlə birgə fəaliyyətdən imtina etmişlər”.
Pan Gi Munun BMT Baş Məclisi tərəfindən may ayında qəbul edilmiş qətnaməyə müvafiq olaraq hazırlanmış məruzəsində bu il iyunun 14-dək Suriyada baş verən hadisələr barədə ümumi məlumat vardır. Baş katib 14 səhifəlik hesabatın lap əvvəlində etiraf edir ki, ölkədə vəziyyət pisləşməkdədir.
Baş katib son həftələrin əsas hadisələrini sadalamış, o cümlədən Suriya üçün təqribən 4,4 milyard dollarlıq yeni humanitar proqramların icrasının başlanmasını qeyd etmişdir.
Pan Gi Mun Suriyada kimyəvi silahın tətbiqinin ehtimal olunduğu hallar və digər cinayətlərlə bağlı istintaqın uzandığını da xatırlatmışdır. BMT baş katibi münaqişə iştirakçılarına və beynəlxalq aktorlara müraciət edərək onları istintaqa hərtərəfli yardım göstərməyə çağırmışdır.