CƏMİYYƏT
BMT-nin Əhali Fondunun dəvəti ilə “CEDAW” komitəsinin üzvünün ölkəmizə səfəri başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Bu gün tanınmış beynəlxalq ekspert Pramila Pattenin Azərbaycana səfəri başlayıb. Səfərin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən, hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması üzrə tövsiyələr verməkdir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Pramila Pattenin səfəri BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutur.
Layihənin əsas məqsədi gender əsaslı zorakılıqla mübarizədə effektiv cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Sözügedən layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanmasıdır.
Səfər zamanı P.Patten müxtəlif dövlət qurumlarında, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək, qeyd olunan məsələlər ətrafında müzakirələr aparacaq. Beynəlxalq ekspert tərəfindən görüşlər zamanı məişət zorakılığı ilə mübarizə sahəsində toplanmış məlumatlar təhlil olunaraq Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması prosesində tövsiyələr şəklində hökumətə təqdim ediləcək.
Qeyd edək ki, Pramila Patten beynəlxalq səviyyədə apardığı fəaliyyətlə yanaşı, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə Komitənin (CEDAW Committee) üzvüdür. Azərbaycan 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyasını (CEDAW) ratifikasiya edib.