BMT-NİN KEÇMİŞ BAŞ KATİBİ VƏFAT ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Avstriyanın keçmiş Federal Prezidenti və BMT-nin keçmiş Baş katibi Kurt Valdhaym (Kurt Waldheim) Vyanada vəfat etmişdir. Ailə üzvlərinin məlumatına görə, 88 yaşlı K.Valdhaym ürək çatışmazlığından dünyasını dəyişmişdir.
Kurt Valdhaym 1918-ci ildə Aşağı Avstriyada, Sankt Andre-Vördern qəsəbəsində doğulmuşdur. Diplomatiya və hüquq təhsili almış Valdhaym uzun müddət Avstriyanın müxtəlif ölkələrdəki səfirlik və daimi nümayəndəliklərində çalışmışdır. O, 1972-ci ildən 1981-ci ilədək BMT-nin Baş katibi, 1986-1992-ci illərdə isə Avstriyanın Federal Prezidenti kimi ali vəzifələr tutmuşdur.
K.Valdhaym İkinci Dünya müharibəsində Almaniya Vermaxtının zabiti olmuşdur. Prezidentliyə namizədliyi dövründə onun keçmişi Avstriyada geniş rezonans doğurmuşdur. Lakin kəskin tənqidlərə baxmayaraq, Valdhaym seçkilərdə qələbə qazana bilmişdir. Bundan sonra ABŞ Valdhaymın adını müharibə cinayətkarları üçün hazırlanmış “qara siyahı”ya daxil etmişdir ki, bu da okeanın o tayına səfər etməyə qadağa qoyulmasına bərabər bir addım sayılırdı.
Lakin BMT-nin keçmiş Baş katibi bu qərarla barışmamışdır. Valdhaymın tələbi ilə 1988-ci ildə tarixçilərdən ibarət müstəqil komissiya yaradılmış və həmin komissiya iddiaçının keçmişini araşdıraraq, müharibə zamanı onun “şəxsən heç bir təqsirkar davranışa malik olmadığı” və “müharibə cinayətlərində iştirak etmədiyi” barədə qərar çıxarmışdır.
Bütün bunlara baxmayaraq haqqında gedən söz-söhbətlərə görə ətrafındakı insanlar ondan uzaq olmağa başlamış, Prezidentin rəsmi səfərlərinin sayı getdikcə azalmış və K.Valdhayma xalq arasında “Hofburqdakı (imperatorların iqamətgahı; Prezident Aparatı orada yerləşir) tənha insan” ləqəbi verilmişdi. Artan narazılığı nəzərə alaraq K.Valdhaym ikinci dəfə prezident seçkilərinə qatılmaqdan imtina etmişdi.
Avstriya və dünya siyasətçiləri mərhumun ailəsinə başsağlığı vermişdir. İyunun 17-18-də ölkə vətəndaşları Prezident Aparatında qoyulacaq matəm kitabına mərhumla bağlı vida sözlərini yaza biləcəklər.