İQTİSADİYYAT
BMT-nin rəhbəri investorları sabit inkişaf hədəflərini dəstəkləməyə çağırıb
Bakı, 20 aprel, AZƏRTAC
Maliyyələşdirmə 2015-ci ildən sonrakı dövr üçün - Minilliyin inkişaf məqsədlərini əvəz edəcək iddialı inkişaf hədəflərinin işlənib hazırlanmasında mühüm rol oynayır. AZƏRTAC BMT-nin Xəbər mərkəzinə istinadən bildirir ki, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən yaz müşavirələri çərçivəsində təşkil olunmuş tədbirdə deyib.
BMT rəhbərinin fikrincə, dünya birliyinin məqsədi yoxsulluğun kökünü kəsmək və iqtisadi inkişafa ziyan vurmadan ümumi tərəqqiyə şərait yaratmaqdır.
Pan Gi Mun belə hesab edir ki, maliyyə təsisatlarının rəhbərləri “təmiz, sabit və ədalətli inkişaf” üçün katalizator ola biləcək dəyişikliklər edilməsinə kömək göstərə bilərlər.
Baş katib dövlət və özəl bölmələrin nümayəndələrini uzunmüddətli sabit inkişafa kömək göstərən stimulların yaradılması işində birləşməyə çağırıb. Xatırladırıq ki, sentyabrda BMT-nin mənzil-qərargahında keçiriləcək sammitdə sabit inkişafın yeni hədəfləri təqdim ediləcək.