SİYASƏT
BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı dördüncü dövri hesabat hazırlanır
Bakı, 24 iyun (AZƏRTAC). Gələn ilin əvvəlində BMT-nin müvafiq komitəsində “Uşaq hüquqları haqqında” Konvensiyanın icrası ilə bağlı dinləmələr keçiriləcəkdir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri növbəti hesabatın təqdim olunmasıdır.
Bu barədə AZƏRTAC-a məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, ötən müddətdə BMT-nin Uşaq Hüquqları Komitəsinə konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin üç dövri hesabatı təqdim olunmuşdur.
Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə bu sənədin iki əlavə protokoluna qoşulmuşdur.
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. 1999-cu ildə ölkəmizdə BMT-nin adı çəkilən konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Hökumət tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq hər 5 ildən bir dövri hesabat hazırlanır.