DÜNYA
“Boeing 777-200” təyyarəsinin “qara qutusu” ABŞ-ın sualtı avadanlığı vasitəsilə axtarılacaqdır
Melburn, 4 aprel (AZƏRTAC). Birləşmiş axtarış qüvvələri Malayziya Hava Yollarına məxsus itmiş “Boeing 777-200” təyyarəsinin “qara qutusunu” ABŞ-ın sualtı avadanlığının köməyi ilə axtaracaqdır. Bu barədə məlumat verən birləşmiş axtarış qüvvələrinin əlaqələndirmə mərkəzinin rəhbəri Enqus Hyuston bildirmişdir ki, exolokasiyalı modul artıq Avstraliya hərbi-dəniz qüvvələrinin “Ocean Shield” gəmisinin göyərtəsindədir.
E.Hyuston qeyd etmişdir ki, həmin moduldan təyyarənin səsyazan qurğularının axtarışında istifadə edilmişdir. “Qara qutunun” axtarışı üzrə əməliyyatlar 240 kilometri əhatə edən ərazidə aparılacaqdır.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxmışdır. Sonradan süni peyklərdən alınmış məlumatların təhlili göstərmişdir ki, təyyarə kəskin dönüş edərək Hind okeanına istiqamət götürmüş və burada qəzaya uğrayaraq batmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Melburn