Bolnisidə Atatürk anılıb
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonundakı Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində “19 May – Atatürkü Anma” və “Gənclər və İdman” Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “1919 - 19 Mayıs” adlı rəsm sərgisinə baxıblar.
Tədbirdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və onun silahdaşlarının əziz xatirəsi yad edilib.
Tədbir çərçivəsində təşkil edilən sərgidə rəssamlar Qəşəm Süleymanov və Xəyalə İsmayılovanın Mustafa Kamal Atatürk, Türkiyənin istiqlal mübarizəsi, milli ruh və qardaşlıq mövzularını əks etdirən əsərləri nümayiş olunub.
Daha sonra “1919 - 19 Mayıs” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə 1919-cu ilin 19 may tarixinin Türkiyə qəhrəmanlıq tarixindəki yeri və rolu, Atatürkün Samsuna çıxışı və Türkiyənin milli azadlıq mübarizəsinin başlanğıcı barədə ətraflı məlumat verilib.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov çıxış edərək 19 may tarixinin Türk dünyası üçün önəmindən danışıb, Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.
Filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli çıxışında 1919-cu ilin 19 may tarixindən, Türkiyənin keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs edib, Mustafa Kamal Atatürkün liderliyi ilə başlanan istiqlal hərəkatının yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün mühüm tarixi dönüş nöqtəsi olduğunu bildirib. Professor, həmçinin Gürcüstan və Türkiyə arasında formalaşmış tarixi və mədəni əlaqələr haqqında da ətraflı məlumat verib.
Digər çıxış edənlər 19 may tarixinin Türk gəncliyi üçün əhəmiyyətindən, Atatürkün ideyalarının bu gün də aktuallığını qorumasından, Azərbaycan-Türkiyə qardaşlığından və gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin vacibliyindən danışıblar.
Tədbir çərçivəsində mərkəzin könüllüləri Sona Namazova “Cümhuriyyət” şeirini səsləndirib, Şarabanı Nənəcanova isə 19 mayın gənclər üçün daşıdığı mənəvi dəyər barədə hazırladığı təqdimatla çıxış edib. Bildirilib ki, 1919-cu ilin 19 may tarixi Türkiyə xalqının azadlıq və müstəqillik mübarizəsinin başlanğıcı olmaqla yanaşı, türk gəncliyinə inamın və milli həmrəyliyin simvoludur.