BOLQARISTAN PARLAMENTİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan parlamentinin - Xalq Məclisinin sədri Georgi Pirinski ilə görüşmüşdür.
Parlamentin sədri Azərbaycan Prezidentini binanın önündə böyük hörmətlə qarşıladı.
Görüşdə parlamentlərarası əlaqələr, Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq, Bolqarıstanda sonuncu parlament seçkilərinin nəticələri, Avratlantik strukturlarına inteqrasiya sahəsində əməkdaşlıq, dostluq qruplarının və parlamentlərarası işçi qruplarının fəaliyyəti, ölkələrimizin siyasi, iqtisadi əlaqələrinin daha da möhkəmlənməsində qanunvericilik orqanlarının rolu barədə geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü böyük şərəf hesab etdiyini söyləyən cənab Georgi Pirinski dövlətimizin başçısının Bolqarıstana rəsmi səfərini ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafına müsbət təsiri baxımından çox mühüm hadisə kimi səciyyələndirdi.
Xalq Məclisinin sədri ölkəmizdə parlament seçkiləri ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan xəbərdar olduğunu bildirərək, bunu yüksək qiymətləndirdi, seçkilər zamanı exit-polun keçirilməsini də yaxşı hal kimi vurğuladı. Georgi Pirinski yeni seçilmiş Bolqarıstan parlamentində Bolqarıstan-Azərbaycan işçi qrupu yaradılacağı barədə məlumat verdi, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi aparmağı təklif etdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu təklifi məmnunluqla qarşıladı və bunun vacib olduğunu söylədi. Dövlətimizin başçısı Bolqarıstanda parlament seçkilərinin uğurla keçməsi və Xalq Məclisinin sədri seçilməsi münasibətilə cənab Georgi Pirinskini təbrik etdi. Prezident İlham Əliyev Azərbaycan Milli Məclisi barədə məlumat verdi, qarşıdakı parlament seçkilərinə hazırlıqdan danışdı. Azərbaycan Prezidenti yeni formalaşdırılacaq parlamentlərarası işçi qruplarının fəaliyyətinin gücləndirilməsi üçün qarşılıqlı əlaqələrin, səfərlərin əhəmiyyətini vurğuladı.