SİYASƏT
Bolqarıstanda 28 may - Respublika Günü qeyd edilmişdir
Sofiya, 29 may (AZƏRTAC). Azərbaycanın Bolqarıstandakı səfirliyi milli bayramımız - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər, Ədliyyə nazirliklərinin, Xalq Məclisinin, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV-in təmsilçiləri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, ziyalılar, Sofiyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Bolqarıstanda yaşayan və təhsil alan azərbaycanlılar, bolqar və türk icmalarının üzvləri iştirak etmişlər.
Rəsmi qəbulda III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış bolqar bəstəkarı Kiril Lambovun rəhbərlik etdiyi kvartetin ifasında Azərbaycan əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Qəbulda Azərbaycan tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini əks etdirən sənədli filmlər və videokliplər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına ölkəmizlə bağlı ingilis və bolqar dillərində kitablar, jurnallar, broşürlər, həmçinin milli suvenirlər təqdim edilmişdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya