SİYASƏT
Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bolqarıstan Respublikasının paytaxtı Sofiyada rəsmi qəbul keçirilib. Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkil etdiyi qəbulda, həmçinin fotosərgi açılıb və bədii proqram təqdim olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bolqarıstanın iqtisadiyyat və sənaye naziri, energetika naziri, bir sıra nazir müavinləri və rəhbər şəxsləri, dövlət qurumlarının rəhbərləri, Bolqarıstan Prezidenti Administrasiyasının rəhbər şəxsləri, Xalq Məclisinin üzvləri, dini konfessiyaların rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, yerli diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbir Azərbaycanın və Bolqarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov qəbulda çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, onun mürəkkəb ictimai-siyasi dövrə baxmayaraq, qısa müddətdə demokratik dövlət quruculuğu, insan hüquqlarının təmini və beynəlxalq səviyyədə tanınması istiqamətlərində qazandığı nailiyyətlər barədə məlumat verib. Müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətin hüquqi varisi olduğunu qeyd edən diplomat bildirib ki, 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyinin qorunub saxlanması və dönməzliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çıxışda Ulu Öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi qeyd olunub. Habelə dahi şəxsiyyətin müəllifi olduğu enerji strategiyasının Azərbaycanın çiçəklənən respublikaya çevrilməsinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb. Eləcə də 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə xüsusi diqqət yetirilib. Səfir Qərb və Şərq mədəniyyətlərinin kəsişməsində yerləşən, füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, qonaqpərvər əhalisi ilə tanınan Azərbaycanın etnik-dini müxtəlifliyi və zəngin tolerantlıq ənənələri ilə bütün dünya üçün nümunə olduğunu qeyd edib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov çıxışında Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin xalqlarımız arasında qədim və mehriban əlaqələr üzərində qurulduğunu, dünyada yaşanmaqda olan böhranlara baxmayaraq, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiyini bildirib. Nazir iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 330 faiz artmasını əlaqələrimizin inkişafının göstəricisi olduğunu vurğulayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.
Tədbir konsert proqramı ilə davam edib.