İQTİSADİYYAT
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınmışdır
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 11-də 3 saylı Ərazi Vergilər İdarəsinin vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şimal qəsəbəsindəki “Nabran” kiçik müəssisəsinə məxsus “Mayak” istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçirilmişdir.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin fəaliyyəti araşdırılarkən onun 7 min 917 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bu barədə müəssisəyə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməmişdir. Cari ilin may ayının 27-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və istirahət mərkəzindəki 9 min manatlıq məişət texnikası və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
Həmin gün vergi əməkdaşları Xaçmaz rayonunda yerləşən digər istirahət mərkəzində - Nabran qəsəbəsindəki “Qreenville” istirahət mərkəzində də əmlakın siyahıya alınması tədbirləri keçirmişlər. İstirahət mərkəzindəki 6 min manatlıq əmlak müəyyən edilmiş qaydada siyahıya alınmışdır.