İQTİSADİYYAT
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaqdır
Bakı, 13 dekabr (AZƏRTAC). “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 17-də saat 12.00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, borcunu qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.