BORİSPOL HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Ukrayna paytaxtına gəlmişdir.
GUAM-ın üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Borispol hava limanında milli geyimli oğlan və qız dövlətimizin başçısına təyyarənin pilləkəni yanında gül dəstəsi və duz-çörək təqdim etdilər.
Prezident İlham Əliyevi Ukraynanın yüksək vəzifəli şəxsləri qarşıladılar.
Azərbaycan Prezidenti hava limanında jurnalistlərin suallarına cavab verdi.
- Cənab Prezident, Siz GUAM-ın Kiyev sammitindən nə gözləyirsiniz?
- Təşkilat yeni formalar kəsb edir, inkişafdadır. Təşkilatın idarə olunması mexanizminin daha da təkmilləşdirilməsi baxımından Kiyev sammiti böyük əhəmiyyətə malikdir. Ona görə də səmərəli iş görüləcəyinə və sammitin əlaqələrimizin bundan sonra da inkişafına daha böyük təkan verəcəyinə ümid bəsləyirik. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri -siyasi, iqtisadi, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyaları sahələrini əhatə edir, yəni əməkdaşlıq üçün çox geniş meydan var.
- Cənab Prezident, Siz enerji daşıyıcılarının nəqlinə dair yeni layihələr elan edəcəksinizmi?
- Bu məsələlər müzakirə mərhələsindədir. Bildiyiniz kimi, Azərbaycan dünya əhəmiyyətli irimiqyaslı enerji layihələrini uğurla həyata keçirir. İndi Azərbaycanda həyata keçirilən enerji layihələri dünyada ən iri layihələrdir. Bizim bu istiqamətdə çox yaxşı təcrübəmiz var. Artıq regional əməkdaşlığın da çox müsbət elementləri var. Odur ki, qarşılıqlı surətdə faydalı əməkdaşlığın bütün mümkün gələcək elementləri müzakirə ediləcəkdir. Konkret olaraq hər hansı yeni enerji layihələrindən hələlik söhbət getmir. Biz onların öyrənilməsi və müzakirəsi mərhələsindəyik. Əminəm ki, GUAM-ın üzvü olan ölkələrin əməkdaşlığının energetika sahəsi üstünlük təşkil edəcəkdir.
X X X
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha gəldi.