Bosniya və Herseqovina ilə Serbiyada güclü leysan yağışları fəsadlar törədib
Sarayevo, 18 yanvar, AZƏRTAC
Güclü leysan yağışları Qərbi Balkan ölkələrindən Bosniya və Herseqovina ilə Serbiyada daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bölgədə əlverişsiz hava şəraiti bir çox şəhərdə fəsadlar törədib. Bosniya və Herseqovinanın mərkəzi hissəsindəki Konyiç şəhərində çox sayda evi su basıb, bəzi yollar bağlanıb. Xilasetmə qrupları ölkənin mərkəzi və cənub bölgələrində yağışdan ən çox zərər görən vətəndaşların köməyinə çatıb.
Paytaxt Sarayevonun da daxil olduğu Sarayevo Kantonunda leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsinin artması səbəbindən daşqın xəbərdarlığı edilib. Sarayevoda gecə boyu yağan şiddətli yağış nəticəsində bəzi evləri su basıb, şəhər mərkəzindəki Miljaçka çayında suyun səviyyəsi qalxıb.
Serbiyanın Senitse şəhərində isə leysan yağışları səbəbindən Qrabovitsa çayının daşması nəticəsində 40-dək evi su basıb.
Bölgədə yağışlı hava şəraitinin davam edəcəyi bildirilib, daşqın xəbərdarlığı olunub.
AZƏRTAC-ın xüsusi müxbiri