İDMAN
Bosniyalı qapıçı başından güllə yarası almasına baxmayaraq, əzmlə oynamışdır
Bakı, 20 iyun (AZƏRTAC). Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin ətraflarında həvəskar futbol liqasının matçı zamanı inanılmaz hadisə baş vermişdir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Dnevni Avaz” nəşrinin yazdığına görə, yerli komandalardan birinin qolkiperi matçdan əvvəl başından güllə yarası almış, lakin bunu yalnız matçdan sonra bilmişdir.
Oyun zamanı güclü başağrısı hiss edən 51 yaşlı Duşko Krtalitsa bunu qapının dirəyinə dəyməsi nəticəsi kimi zənn etmişdir. Odlu silahla yaralanmasını ağlına belə gətirməmişdir.
D.Krtalitsa oyun zamanı başına güclü zərbə dəydiyini hiss etsə də, öz qapısını qorumaqda davam etmişdir. Artıq final fiti çalınandan sonra bir əlinə nəzarəti itirməyə, danışığında problemlər hiss etməyə başlamışdır.
Zavallı qapıçını xəstəxanaya çatdırmışlar. Rentgen müayinəsi onun kəlləsində yad cismin olduğunu göstərmişdir. Güllənin çıxarılması əməliyyatı uğurla keçmişdir. Pasiyentin həyatı üçün təhlükə yoxdur.
İnanılmaz olsa da, D.Krtalitsa başında güllə futbol oynayarkən qapıdan cəmi bir top keçirmişdir.
Məlum olmuşdur ki, futbol matçı ilə eyni vaxtda yaxınlıqda havaya atəş açmaqla müşayiət olunan üç toy məclisi keçirilirmiş. Polis artıq ballistik ekspertiza əsasında şübhəli şəxslərdən birinə qarşı ittiham irəli sürmüşdür.