ELM VƏ TƏHSİL
Botanika İnstitutu ilə Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq genişlənir
Botanika İnstitutunun elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi institutun fəaliyyəti, beynəlxalq əlaqələri, burada əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Bitkilərdə virus xəstəliklərinin tədqiqi üzrə ikitərəfli elmi əlaqələrin gələcək inkişafı, beynəlxalq tədqiqat proqramlarında birgə iştirak, gənc kadrların hazırlanmasında Fransa alimlərinin dəstəyi, elmi mübadilə və s. məsələlər üzrə müzakirələr aparılıb.
Qonaqlar Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin laboratoriyaları ilə yaxından tanış olub, burada aparılan elmi tədqiqatlar, alınan nəticələr barədə müsbət fikirlərini bildiriblər.
Eyni zamanda, qonaqlar yerli alimlərlə birgə Azərbaycanın müxtəlif bölgələrində ekspedisiyalarda və qeyd edilən şöbədə keçirilmiş elmi-praktiki seminarda iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq bitkilərin virus və fitoplazma xəstəliklərinin öyrənilməsi ilə bağlı tədqiqatlara akademik Cəlal Əliyevin rəhbərliyi ilə başlanılıb və mühüm nəticələr əldə olunub.