CƏMİYYƏT
Boykonurdan olan görünməz adam
Moskva, 26 noyabr, AZƏRTAC
General Kərim Kərimov adına 1583 nömrəli Moskva şəhər gimnaziyasında tanınmış azərbaycanlı, Sosialist Əməyi Qəhrəmanı, pilotlu uçuşlar üzrə Dövlət Komissiyasının sədri (1966-1991-ci illər) general-leytenant Kərim Kərimova həsr olunmuş təntənəli tədbir keçirilib.
Böyük alimin adını daşıyan gimnaziyanın direktoru Svetlana Dvoryantseva onun həyat və fəaliyyətindən danışaraq deyib: “Kərim Kərimov Azərbaycanın yüksək dövlət mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. Rusiya kosmonavtikasının və raketqayırmanın təşəkkülünə və inkişafına böyük şəxsi töhfəsinə görə, Rusiyanın IV dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə mükafatlandırılıb. Gimnaziyamızın bu əfsanəvi adamın adını daşıdığına görə fəxr edirik”.
Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Arif Babayev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çatdıraraq, iki xalqın yaxınlaşmasında Heydər Əliyev, Vladimir Putin, İlham Əliyev, Kərim Kərimov, Fərman Salmanov və s. kimi şəxsiyyətlərin xidmətlərini vurğulayıb. A.Babayev səfirlik adından gimnaziyaya kitablar, o cümlədən Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Ürəyimin bir parçası Rusiyadadır” fotoalbomunu hədiyyə edib.
Tədqiqatçı həkim, tibb elmləri namizədi, Əməkdar Kosmik Texnika Sınaqçısı Vladimir Makarov general Kərim Kərimov haqqında xatirələrini bölüşərək, kosmik gəmilərin hazırlanmasında və orbitə buraxılmasında onunla birgə fəaliyyətindən söz açıb.
Gimnaziyanın etnomədəni təhsil üzrə metodisti Elmira İsmayılova qonaqlara böyüməkdə olan nəslin beynəlmiləl ruhda yetişdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya Federal Kosmik Agentliyin, Kosmonavtika Muzeyinin, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin nümayəndələri fəxri qonaqlar arasında olublar.
Şagirdlər rəngarəng “kosmik” proqram təqdim ediblər. Proqramda kosmos haqqında mahnı və şeirlər səslənib, uşaqlar kosmik fəzaya səyahət ediblər. Qızlar ulduzcuqlar rəqsini ifa ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva