İQTİSADİYYAT
“Böyük Bakı” layihəsinin həyata keçirilməsi üçün 140 milyard manata yaxın vəsait tələb olunur
Bakı, 12 iyun (AZƏRTAC). Bakı Dövlət Layihə İnstitutunun təqribi hesablamalarına görə, “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin həyata keçirilməsi üçün 139 milyard 539 milyon manat vəsait tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun direktoru İlqar İsbatov məlumat vermişdir.
Həmin layihənin baş əlaqələndiricisi olan qurumun rəhbəri qeyd etmişdir ki, bu vəsaitin 40 milyard manatı sosial məsələlərə, 2,7 milyard manatı paytaxtın yükünün azaldılmasına, 10,7 milyard manatı isə idman, istirahət və turizm sahələrinə yönəldiləcəkdir.
Bundan əlavə, kommunal infrastruktura 19 milyard, nəqliyyat infrastrukturuna 11,4 milyard, ekoloji layihələrə 10,9 milyard, biznes layihələrinə isə 43 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur. “Məxsusi Bakı” üzrə isə bu rəqəm 90 milyard manat təşkil edir.
Qeyd edək ki, 2030-cu ilədək reallaşdırılacaq layihə Bakı şəhərinin və Abşeron rayonunun bir hissəsini, eləcə də Sumqayıt şəhərini əhatə edir.