İQTİSADİYYAT
“Böyük Bakının Regional İnkişaf Planı” gələn il hazır olacaqdır
Bakı, 4 dekabr (AZƏRTAC). “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzərində aparılan hazırlıq işləri tamamlanmışdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Bankı ilə razılaşdırılmış dörd məsləhətçi xidmətlərinə dair müqavilələrdən üçü artıq imzalanmışdır. Bundan əlavə, layihənin əlaqələndirmə funksiyalarının həyata keçirilməsi üzrə Bakı Dövlət Layihə İnstitutu ilə bağlanmış müqavilədən sonra “Böyük Bakının rəqabətlilik və yerli iqtisadi inkişafı” və “Şəhər və regional planlaşdırılması” üzrə tender proseduraları nəticəsində seçilmiş beynəlxalq məsləhətçilərlə - ABŞ-dan olan şəhər iqtisadiyyatı üzrə mütəxəssis xanım Kaya Miller və Şəhər-Regional Planlaşdırma istiqaməti üzrə italiyalı memar Ancelo de'Urso ilə də müvafiq müqavilələr imzalanmışdır.
“Ətraf mühitin strateji qiymətləndirilməsi” üzrə məsləhətçi şirkətin seçilməsi üçün satınalma prosedurası isə davam edir və cari ilin sonunda seçilmiş namizədlə müvafiq müqavilənin bağlanması gözlənilir.
Ümumiyyətlə, “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin tamamlanması 2012-ci ilin sonuna planlaşdırılır.