İQTİSADİYYAT
“Böyük Bakının regional inkişaf planı” layihəsində infrastrukturla bağlı bir çox aktual məsələlər yer almışdır
Bakı, 10 iyun (AZƏRTAC). “Böyük Bakının regional inkişaf planı” layihəsində Ələt, Sumqayıt və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində rels üzərində hərəkət edən ictimai nəqliyyat marşrutlarının açılması təklif olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə layihənin baş koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov açıqlama vermişdir. İnstitut direktoru bildirmişdir ki, rəhbərlik etdiyi qurumun irəli sürdüyü təkliflər sırasında bir çox aktual məsələlər yer almışdır. Layihəyə əsasən, su hövzələrinin və çirklənmiş torpaqların təmizlənməsi və neft ərazilərindəki məskunlaşma yerlərində yenidənqurma işlərinin aparılması, eləcə də Böyük Zirə adasında və şimaldakı sahilyanı ərazilərdə turizmin inkişafı istiqamətində tədbirlərin görülməsi planlaşdırılır. Eyni zamanda, sıradan çıxmış şəhərətrafı dəmir yolu xətlərinin bərpası da həllini gözləyən problemlərdəndir.
Layihədə Ələt, Səngəçal, Zığ, Xocasən, Dübəndi, Sumqayıt və Böyük Şor gölü ətrafında yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılması nəzərdə tutulur.