DÜNYA
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Bakı, 8 iyun, AZƏRTAC
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri başlayıb. Bu gün yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 10:00) ölkə üzrə 40 min seçki məntəqəsi səsvermə üçün açılıb. Seçici kimi qeydiyyatdan keçmiş 46,4 milyon britaniyalı saat 22:00-dək yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, seçkilər başa çatdıqdan dərhal sonra aparıcı telekanallarda exitpolların nəticələri açıqlanacaq. Səslərin sayılması bütün gecə boyu aparılacaq, yekun nəticələr isə iyunun 9-da səhər məlum olacaq.
Seçkilərin nəticəsindən asılı olaraq 650 deputatdan ibarət İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. Əgər bir müddət əvvəl Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası açıq favorit hesab edilirdisə, son vaxtlar, xüsusən mayın 22-də Mançesterdə, iyunun 3-də Londonda baş vermiş terror aktlarından sonra qüvvələr nisbəti dəyişməyə başlayıb. Yəni leyboristləri dəstəkləyən seçicilərin sayında əhəmiyyətli artım baş verib. İndi günün əsas sualı budur: Tereza Meyin başçılıq etdiyi hakim partiya növbəti beş ildə hökumətin sükanı arxasında qalmağa imkan verən səsi yığa biləcəkmi?