İQTİSADİYYAT
Böyük Britaniyada şist neftinin kəşfiyyatı və hasilatı işləri iki illik fasilədən sonra bərpa olunmuşdur
Bakı, 5 avqust (AZƏRTAC). Böyük Britaniyada şist neftinin kəşfiyyatı və hasilatı işləri təxminən iki illik fasilədən sonra bərpa olunmuşdur. Britaniyanın “Cuadrilla Resources” şirkəti bu məqsədlə İngiltərənin cənubunda ilk quyu qazmağa başlamışdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2011-ci ilin yayında İngiltərənin şimal-qərbində “Cuadrilla Resources” şirkətinin qazma işləri apardığı rayonda baş vermiş güclü torpaq sürüşmələrindən sonra şistli neft-qaz yataqlarının işlənməsinə moratorium tətbiq edilmişdir. Hazırda Britaniya hökuməti bu qadağanı ləğv etmiş və zəruri lisenziyalar verilməsi başlanmışdır.
Uzun fasilədən sonra birinci olaraq məhz “Cuadrilla Resources” şirkəti Birləşmiş Krallıqda şistli energetik süxurların işlənməsi ilə bağlı işləri bərpa etmişdir.
Bu yaxınlarda Londonda belə bir məlumat yayılmışdı ki, Böyük Britaniyanın şist qazı ehtiyatları əvvəl güman edildiyindən daha çoxdur və ölkə yaxın bir neçə onillikdə özünü mavi yanacaqla tam təmin edə bilər.
Qeyd edək ki, neftli süxurların hidroloji metodlarla parçalanması texnologiyasının əleyhdarları son 9 gün ərzində qazma işləri aparılan yerə gedən yolları bağlamışlar. Buna baxmayaraq şist neftinin kəşfiyyatı və hasilatı üzrə işlər bərpa olunmuşdur.