İQTİSADİYYAT
Böyük Britaniyanın “Energy Global” portalında Azərbaycan, Türkiyə və Rumıniyanın enerji sahəsindəki əməkdaşlığından bəhs edən məqalə yerləşdirilmişdir
London, 30 aprel (AZƏRTAC). Böyük Britaniyanın beynəlxalq neft və qaz sənayesi üçün aparıcı “Energy Global” portalında Azərbaycan, Türkiyə və Rumıniyanın enerji sahəsindəki əməkdaşlığından bəhs edən məqalə yerləşdirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimova istinadla yayımlanan xəbərdə üç ölkə arasındakı əməkdaşlığın Xəzər dənizi və Qara dəniz bölgələrində enerji təhlükəsizliyini daha da gücləndirəcəyi diqqətə çatdırılmışdır. TAP, TANAP və digər iri layihələrin reallaşdırılması ilə üç ölkə arasında əhəmiyyətli iqtisadi əsas yaranacağı vurğulanmışdır.
Yazıda, həmçinin “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdıracaq yeni kəmər - TAP layihəsindən bəhs edilmişdir. Xəzər dənizindən hasil olan təbii qazın TAP kəməri ilə Yunanıstan və Albaniya ərazisindən keçməklə, Adriatik dənizindən İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çıxarılacağı qeyd olunmuşdur. Bildirilmişdir ki, tikintisinə 2015-ci ildə başlanılacaq kəmərin illik gücü 10 milyard kubmetr qaz olacaqdır. Gələcəkdə kəmərin Balkan ölkələrinə qədər uzadılması, eləcə də AGRİ layihəsinin reallaşdırılması Azərbaycan qazının Rumıniya və Mərkəzi Avropa ölkələrinə nəqlinə imkan verəcəkdir.
Məqalədə, həmçinin ARDNŞ-in Rumıniya nümayəndəliyinin fəaliyyətindən də bəhs edilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.energyglobal.com/news/pipelines/articles/Azerbaijan_Turkey_and_Romania_cooperate_to_ensure_energy_security.aspx#.U2A_N_ldXZ1
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London