İQTİSADİYYAT
Böyük Britaniyanın “Gabbitas” şirkətinin nümayəndəsi ARDNŞ-də olmuşdur
Bakı, 13 dekabr (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 13-də qurumun prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın “Gabbitas” şirkətinin məsləhətçisi Endrü Hyu Monro ilə görüşmüşdür.
Görüşdə Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycanın neft-qaz sənayesinin lokomotivi olan ARDNŞ sosial məsuliyyətini dərindən dərk edən bir şirkət kimi respublikamızda səhiyyə, təhsil, elm, idman və mədəniyyətin inkişafına xidmət göstərən layihələr həyata keçirir. 2006-cı ildən şirkətdə kadr hazırlığı işinə başlanıldığını, ölkə daxilində və xaricdə təhsil istiqamətləri üzrə təqaüd proqramlarının uğurla icra olunduğunu qeyd edən R.Abdullayev bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ARDNŞ-in strukturunda Bakı Ali Neft Məktəbinin yaradıldığını diqqətə çatdırmışdır. R.Abdullayev bu ali məktəbin beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərən bir təhsil ocağına çevrilməsi üçün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayaraq qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbində tədris Azərbaycan və ingilis dillərində aparılacaqdır.
“Gabbitas” şirkətinin məsləhətçisi Endrü Hyu Monro ARDNŞ-in Bakıda ingilisdilli məktəb yaratmaq niyyətini təqdir etmiş, bu sahədə təmsil etdiyi şirkətin zəngin təcrübəyə malik olduğunu söyləmişdir.
Görüşdə ARDNŞ-in maliyyə vəsaiti hesabına Bakıda yeni ingilisdilli məktəbin tikilməsi üçün müvafiq ərazi ayrıldığı bildirilmiş, bu məktəblər sisteminə məxsus standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.