SİYASƏT
Böyük Britaniyanın məşhur “The Business Year” jurnalı Azərbaycana daha bir xüsusi buraxılış həsr etmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Böyük Britaniyanın məşhur “The Business Year” jurnalı Azərbaycana daha bir xüsusi buraxılış həsr etmişdir.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu jurnalın “The Business Year: Azerbaijan-2013” xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
“The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq üçüncü dəfədir ki, nəşr olunur.
Azərbaycanın xəritəsinin də yer aldığı nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.
Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı geniş məqalə dərc olunmuşdur.
Nəşrin budəfəki qonaq müsahibləri NATO-nun baş katibi Anders Foq Rasmussen, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy, Norveçin vəliəhdi Haakon, Böyük Britaniyanın ticarət və investisiya naziri Stiven Qrin, ABŞ-ın Milli Təhlükəsizlik üzrə Biznes İcraçı Fondunun rəhbəri Stenli Veissdir. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açırlar.
Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer almışdır. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunmuşdur.
Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər də yer almışdır.