İDMAN
Böyük Britaniyanın nüfuzlu idman saytı Azərbaycan boksçularının inamlı qələbəsindən bəhs etmişdir
London, 19 yanvar (AZƏRTAC). Böyük Britaniyanın boks üzrə nüfuzlu xəbər saytı “East Side Boxing” Azərbaycanın “Baku Fires” boks komandasının Ümumdünya Boks Seriyası (WSB) Liqasında Qazaxıstanın “Astana Arlans” kollektivi üzərində inamlı qələbəsindən bəhs etmişdir.
Məqalədə bildirilir ki, Azərbaycan təmsilçiləri rəqib komandaya gərgin anlar yaşatmışlar. İlk döyüşdə komandamızın üzvü, Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə (52 kq) Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanovu, ardınca 60 kq çəki dərəcəsində təmsilçimiz, dünya və Avropa çempionu Albert Səlimov WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovu, üçüncü döyüşdə də “Baku Fires”in üzvü Yevgeni Romaşkeviç (69 kq) gərgin keçən qarşılaşmada Meirim Nursultanovu və son döyüşdə super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyev təcrübəli rəqibi Ruslan Mırsatayevi məğlub etmişdir.
“Baku Fires” boks komandası Qazaxıstanın “Astana Arlans” kollektivinə 4:1 hesabı ilə qalib gəlmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.eastsideboxing.com/2014/azerbaijan-4-1-kazakhstan-the-fires-roast-the-champions/
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London