SİYASƏT
Böyük Britaniyanın nüfuzlu “New World” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc edilmişdir
London, 11 mart (AZƏRTAC). Böyük Britaniyada fəaliyyət göstərən Birləşmiş Millətlər Assosiasiyasının “New World” jurnalının mart buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovla müsahibə dərc edilmişdir.
“Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı” sərlövhəli müsahibə Azərbaycanın BMT-dəki fəaliyyətinə və müxtəlif qlobal çağırışlara dair ölkəmizin mövqeyinə həsr olunmuşdur.
Səfir müsahibəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini qeyd edərək, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyətinin Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulamışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyətinə toxunan Fəxrəddin Qurbanov ölkəmizin beynəlxalq terrorçuluqla mübarizənin möhkəmləndirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin gücləndirilməsi və beynəlxalq inkişaf məsələlərinə xüsusi önəm verdiyini bildirmişdir.
Ənənəvi enerji resursları ilə zəngin Azərbaycanın alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə dair xüsusi proqram qəbul etdiyini, iqtisadi davamlılıq modelinin yaradılmasının hökumətin başlıca iqtisadi prioritetlərindən olduğunu vurğulamışdır. BMT sistemində islahatlara dair Azərbaycanın mövqeyini diqqətə çatdıran səfir tam konsensus, geniş coğrafi təmsilçilik və yenilənmiş iş metodlarına əsaslanan islahatlara ölkəmizin dəstək verdiyini bildirmişdir.
Azərbaycanın beynəlxalq humanitar fəaliyyətinə toxunan Fəxrəddin Qurbanov, ölkəmizdə xüsusi dövlət agentliyi-Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) təsis edilməsi haqqında məlumat vermiş, AİDA-nın müxtəlif regionlarda humanitar xarakterli layihələr həyata keçirdiyini qeyd etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London