ELM VƏ TƏHSİL
Böyük həcmli verilənlərin klasterləşdirilməsi üçün effektiv alqoritm işlənilib
Bakı, 12 yanvar, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının hazırladıqları “Böyük həcmli verilənlərin klasterləşdirilməsi üçün paralel paketli k-means alqoritmi” başlıqlı məqalə beynəlxalq “Computers & Industrial Engineering” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Web of Science” bazasında indeksləşən bu jurnal Q1 sinfinə daxildir və impakt faktoru 4.135-ə bərabərdir.
Məqalənin müəllifləri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, dosent Lyudmila Suxostatdır.
SOCAR-ın qrant layihəsi çərçivəsində hazırlanmış məqalədə böyük həcmli verilənlərin analizi üçün paralel paketli k-means alqoritmi işlənilib. Təklif olunan alqoritm kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli verilənləri analiz etmək imkanına malikdir.