CƏMİYYƏT
Böyük Zəfərimizin memarları region gəncləri tərəfindən anılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Anım Günündə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizi yad etmək məqsədilə silsilə anım tədbirləri keçiriblər.
Mərkəzin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə gənclər rayon ərazisindəki ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanını ziyarət ediblər.
Gənclər əvvəlcə abidə önünə, sonra vətənimizin azadlığı, müstəqilliyi və qəhrəman şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Sonra bölgələrdə müharibə iştirakçıları və qazilərlə görüşlər keçirib, şəhidlərimizə həsr edilmiş “Zəfərin izləri” adlı rəsm sərgisi, ağacəkmə aksiyaları, veloyürüşlər təşkil olunub.
Anım Günü ilə bağlı “Görünməyən qəhrəmanlar”, “Kod adı - Yaşma” adlı filmlər nümayiş etdirilib.