Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri
Ağcabədi, 3 aprel, AZƏRTAC
Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş “Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, “Aran” qəzetinin, 7 saylı tam orta məktəbin, 5 saylı uşaq bağçası körpələr evinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rahilə Şükürova, Aran Ağcabədi TV-nin əməkdaşı Pərvin Şakirqızı, Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıblar. Bildiriblər ki, Aprel döyüşlərində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci bəxş edib.
Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı.
Sonda uşaq bağçası körpələr evinin balaca fidanlarının ifasında şeir kompozisiyası təqdim edilib.