İQTİSADİYYAT
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
“Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin əvvəlində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri mayın 29-da Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil olub. Bunun ardınca iyunun 30-da “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb. “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.
İyulun 30-da yatağın şimal cinahındakı “SDC03Z” quyusunun ventili açılaraq “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda “Şahdəniz Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunur.