İQTİSADİYYAT
bp şirkəti Azərbaycana geologiya sahəsi üzrə daha bir qrup seçilmiş mütəxəssis gətirəcəkdir
Bakı, 17 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında neft hasilatının idarə olunması üzrə aparılan müzakirələr çərçivəsində bp “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun istismarı ilə bağlı fəaliyyətinə dərindən baxış keçirilməsini başa çatdırmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bp-nin hasilatın idarə olunması sahəsində qlobal funksional rəhbərliyinin bir qrup nümayəndəsi tərəfindən aparılmış bu araşdırma keçən həftə şirkətin Bakıda səfərdə olan layların geologiyası üzrə bölməsinin rəhbəri İan Kavananın başçılığı ilə həyata keçirilmişdir. Baxışdan məqsəd 2013-cü il üçün hasilat planlarını təhlil etmək və bununla bağlı yataqda qarşıya çıxan texniki məsələlərlə bağlı imkanları müəyyənləşdirməkdən ibarət idi.
Layların geologiyası üzrə bölmə rəhbəri İan Kavana bildirmişdir ki, bp-nin Şimal dənizi və Anqoladakı layların geologiyası üzrə əməliyyat mütəxəssisləri də daxil olmaqla seçilmiş ekspertlər tərəfindən həyata keçirilən bu baxış vacib məsələlərin çözülməsi üçün tədbirlərin müəyyənləşdirilməsi üzərində cəmləşmişdir. Bu məsələlər 2013-cü və sonrakı illərdə hasilatın əsaslandırılması üçün vacibdir. Plan əsasında laylardakı təzyiq və hasilatın azalmasının qarşısının alınması, eləcə də quyuların idarə olunması və sistemin səmərəliliyinin artırılması, həmçinin laya nəzarət sahəsində qlobal texnoloji təcrübənin tətbiqi üzrə tədbirlər razılaşdırılmışdır.
İ.Kavana qeyd etmişdir ki, hazırlanmış planların həyata keçirilməsinə dəstək olaraq, bundan sonra da Azərbaycandakı mütəxəssis heyətimizə kömək etmək üçün dünyanın digər yerlərindən ekspertlərimizi Bakıya gətirməkdə davam edəcəyik.
bp layların geologiyası sahəsində ixtisaslaşmış və Azərbaycandakı heyətə dəstək məqsədi ilə xüsusi olaraq seçilmiş 12 mütəxəssisini Bakıya gətirməyi planlaşdırır. Bu mütəxəssislər bp-nin dünyanın digər yerlərində əvvəllər buna bənzər məsələlərlə qarşılaşmış olduğu bizneslərindən bir-bir seçilmişlər.