İDMAN
Braziliya və Niderland yığmalarının futbolçuları dünya çempionatının 1/8 final mərhələsində qarşılaşmayacaqlar
Bakı, 24 iyun (AZƏRTAC). Futbol üzrə Braziliya yığması dünya çempionatının qrup mərhələsinin sonuncu matçında Kamerun komandasını məğlubiyyətə uğradaraq öz qrupunda birinci yeri tutmuş və turnirin pley-off mərhələsinə çıxmışdır. O, bu mərhələdə Çili yığması ilə qarşılaşacaqdır. Meksikalılar xorvatlar üzərində qələbə qazanaraq ikinci yerdə qərarlaşmışlar.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də paytaxt Braziliada “A” qrupunun görüşü 4:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatmışdır. Braziliya yığmasının oyunçusu Neymar 17-ci və 35-ci dəqiqələrdə iki qola imza atmışdır. Oyunun 49-cu dəqiqəsində Fred, 84-cü dəqiqəsində isə Luis Fernandinyo fərqlənmişlər. Kamerun komandası tərəfindən yeganə qolu 26-cı dəqiqədə Joel Matipa vurmuşdur.
Eyni zamanda Resifidə keçirilən, “A” kvartetinin qrup mərhələsinin üçüncü turunun paralel görüşündə Meksika yığması 3:1 hesabı ilə Xorvatiya komandasına qalib gəlmişdir. Meksika komandasında Rafael Markes (72), Andres Quardado (75) və Xavyer Ernandes (82) fərqlənmişlər. Sonda xorvatlar İvan Perişeçin (87) dəqiq zərbəsi sayəsində hesabı “yumşalda” bilmişlər. Yeri gəlmişkən, Xorvatiya komandasının oyunçusu Ante Rebiç kobudluğa görə qırmızı vərəqə almışdır.
Braziliya və Meksika hərəyə 7 xal toplamışlar. Lakin turnirin ev sahibləri vurduqları və buraxdıqları toplar arasında daha yaxşı fərqə görə “A”qrupunda birinci yerdə qərarlaşmışlar. Xorvatlar və kamerunlular dünya çempionatını tərk edirlər. Braliziya iyunun 28-də 1/8 final mərhələsində Çili yığması, Meksika isə iyunun 29-da Hollandiya yığması ilə qarşılaşacaqlar.